Bir lalın dil açan, danışan duyğuları
Duyğularım şeirə çevrilə bilməyəndə yox olub gedirəm bu dünyadan, gedirəm öz dünyama. Gedirəm mənə əzab verən duyğularımla dalaşmağa.
Ey məhəbbət! Mən sənə tabeyəm. Mənimlə necə istəsən rəftar edə bilərsən…
* * *
Sənə milyon dəfə “qurban olum!” deyəcəyəm… Yəqin ki, bir dəfə insafa gəlib mən qurbanını qəbul edərsən.
* * *
Həsrət sevgimin gəlinlik divarıdır… Gözləyirəm ki, gəlib o divarı qaldırasan…
* * *
Elə bilmə ki, Səni görsəm sarmaşıq olub Sənə sarılaram… Yox… Ya sevincimdən od tutub alışaram, ya da ki, buz olub
donaram…
* * *
Hərdən Günəşdən də hərarətli oluram… Günəşə nə var ki… Hərarətini bütün dünyaya paylayıb bir az soyuyur… Mənim odum isə içimdə qalır…
* * *
Ey insan! Bütün dünyanı gəzib gözəllik axtarma! Bircə sevgini axtar! Onu tapsan, hər şey gözlərinə gözəl görünəcək…
* * *
Sənə olan sevgim ürəyimdə böyüdü. Ürəyimdə pis nə vardısa onu görünməz etdi…
* * *
Sən hara getsən də qəlbimin gözü Səni görür…
* * *
Sənin xəyalın hər an qonağım olur… Kaş bircə dəfə mənim xəyalım Sənə qonaq olaydı.
* * *
Səninlə bircə dəfə bir yerdə olsam həyatın dadını bilərdim…
* * *
Duyğularım şeirə dönməyəndə ağır xəstə kimi oluram. Ağrılardan zarıyıram. Ölüm arzulayıram özümə. Şeirə çevrilməyən
duyğularım ağrıya dönüb başımın bir yerində gizlənir. Başımın həmin yeri ürək kimi döyünür. O döyüntülər elə bil nəsə
demək istəyir mənə. Ağrılarım haray çəkir. Heç kim, heç nə kömək edə bilmir ağrılarıma…
* * *
Duyğlarım şeirə çevrilə bilməyəndə göz yaşlarıma dönür. Harada olmağımdan asılı olmayaraq acgözcəsinə yanaqlarımı öpür.
Yanaqlarım göz yaşlarımdan içib sərxoş olur.
* * *
Duyğularım şeirə çevrilə bilməyəndə elə bil qanımı içir, qanım azalır. Gözlərimə qaranlıq çökür. Ətrafımda nə varsa qaranlıqda
görünməz olur.
* * *
Duyğularım şeirə çevrilə bilməyəndə heç nə deməyin mənə! Dindirməyin məni! Çünki cavab verməyə taqətim olmayacaq. Lal oluram duyüğlarım şeirə çevrilə bilməyəndə.
* * *
Duyğularım şeirə çevrilə bilməyəndə yox olub gedirəm bu dünyadan! Gedirəm öz dünyama. Gedirəm mənə əzab verən duyğularımla dalaşmağa.
* * *
Mən öləndə başdaşı qoymayın mənə!. Hər gecə ürəyimə axan göz yaşlarım daşa dçnüb dikələcək qəbrimın baş tərəfində.
Kaş daşlaşmış göz yaşı olsun mənim başdaşım! Axı o göz yaşlarım sənin üçün axıb!
* * *
Mən ölən kimi ruhum canımdan çıxıb sən tərəfə uçacaq. Əbədi olaraq sənin başına dolanmaq üçün!
* * *
Sən milyonlarlasan! Hara baxıramsa Səni görürəm. Gecələr Aya baxanda Səni görürəm. Gündüzlər Günəşə baxıb Səni
görürəm. Sən ulduzların sayı qədərsən! Gördüyüm ağacların, güllərin, yarpaqların sayı qədərsən. Milyonlarlasan Sən! Əfsus!
Milyonlarla olan Səndən heç biri mənim qismətim deyil… deyil..!
* * *
Heç kəs Səni mənim kimi görə bilməz! Mənim gözlərim Səni heç kəsin görə bilmədiyi kimi görür. Gözlərim təkcə Səni görəndə
sevinir. Gözlərimə bir dünya sevinc bəxş etməyə qadir yeganə varlıqsan Sən!
* * *
Sən həmişə mənimləsən! Gecələr gözlərimi yumub yatanda gözlərimin içində qalırsan. Səhərə qədər yuxularımın qonağı
olursan. Səhərə qədər duyğularımı danışdırırsan. Səhərə qədər hisslərimin bütün suallarına cavab verirsən. Ona görə də
səhərlər ayıla bilmirəm yuxudan.
* * *
Ürəyimin içindəsən! Ürəyimin döyünməsinə kömək edirsən. Sən ürəyimin içində olmasan, ürəyim də döyünməz.
* * *
Sən həmişə mənimləsən! Sənə həsrət qalıb ağlayanda isti göz yaşlarına dönüb yağış kimi yağırsan soyuq həsrətimin üstünə.
* * *
Eşq nə olduğunu öyrənmək istədim. O gün gözlərimin dərinliyində gördüm onu. Axtardığımı tapdığım üçün sevindim.
Kədərləndim,onu Sən görə bilmirsən, təkcə mən görə bilirəm onu.Əfsus!
* * *
Həyatın ən şirin neməti yaşayır mənim qəlbimdə. Bundan da böyük səadət varmı?
* * *
Allaha minnətdaram – atamı, anamı yaradıb. Atamla anama minnətdaram – dünyaya gəldiyimə görə. Amma taleyimə daha çox
minnətdaram – məni Səninlə rastlaşdırdıüı üçün! Sənə isə ən çox, ən çox minnətdaram – qəlbimdə əbədi ocaq qaladığın üçün!