sevil gulten duyğularım

“Allahım! Deyirlər ki, Sən nə verirsənsə geri alırsan, al mənə verdiyin…”

Bir lalın dil açan, danışan duyğuları

“Duyğularım şeirə çevrilə bilməyəndə göz yaşlarıma dönür. Harada olmağımdan asılı olmayaraq acgözcəsinə yanaqlarımı öpür. Yanaqlarım göz yaşlarımdan içib sərxoş olur.”

Allahım! Deyirlər ki, Sən nə verirsənsə geri alırsan. Elə isə al mənə verdiyin dərdləri!

* * *
Ey Allah! Sualıma cavab ver! Bilmək istəyirəm ki, mən ömrümün baharını yaşayıram, yoxsa qışını? Mənim ömrümün yayı
arxada qalıb, yoxsa qışı?
* * *

Nə vaxtdır ki, ruhumu axtarıram. Tapa bilmirəm. Ruhundan soruş. Bəlkə o bilər mənim ruhumun yerini.

* * *
Yenə yuxuda gördüm Səni. Gözlərimi daha geniş açdım ki, Səni daha yaxşı görüm. Gözlərimi açdım, ayıldım. Xəyala dönüb
getdin keçmişə.

* * *
Sevgi dolu ürəyimə həsrət sarınıb. Həsrət-ürəyimin nişan üzüyü. Qaşı ayrılıqdan… ürəyimin nişan üzüyü sıxır ürəyimi.
Sevgimin gücü çatmır onu qırmağa.

* * *
Səni ürəyimdən çıxarmaq üçün gərək ürəyimi köksümdən çıxaram. Gəl, ürəyimi köksümdən qopar! Gəl, özünü ürəyimdən
qopar! Bacararsanmı? Sən sevgimdən zəifsən, gücün çatmaz ona.

* * *
Hər dəfə Səni görmək üçün gözlərimi yumuram. Xəyalına qovuşuram. Yuxularım – Səninlə görüş yerim.

* * *
Hərdən istəmirəm ki, gözlərimi açım. Bilirəm ki, Səni görməyəcəyəm. Elə isə niyə ayrılım xəyalından?

* * *
Hərdən xəyalının saçlarını sığallamaq istəyirəm. Gözlərimi saçlarına doğru uzadıram. Amma toxunmuram. Qorxuram ki,
gerçəyə dönüb ayrılarsan məndən. Hər gecə əllərim saçlarına həsrət qalır. Gerçəyi görmək istəmirəm. Ondansa xəyalın daha
yaxşıdır.

* * *
Bu gecə doyunca baxdım xəyalının gözlərinə. Gözlərim nurlandı. Gözlərimin səhəri açıldı.

* * *
Ən şirin vüsal sevən xəyalların vüsalıdır. Nə qədər qovuşsalar da vüsala yetişmirlər. Ən şirin vüsal – xəyalların vüsalı. Sonu
olmayan vüsal!

* * *
Xəyalına qovuşmaq üçün dərimi də soyundum. Qovuşa bilmədim. Bütün paltarlarımı əynimə geyinib duyğularımı soyundum.
Qovuşdum Sənə.

* * *
Hara baxıramsa Səni görürəm. Sən gözlərimin içindəsən. Sən ürəyimdəki qansan.

* * *
Bu gecə yanımda idin yenə. Əllərin sərin su kimi bütün duyğlarıma sərinlik gətirdi. Həsrətimi yandırıb külə döndərdi.
* * *
O gün şəklinə baxdım. Bircə anlıq da olsa qayıtdım keçmişə. Keçmişimlə gələcəyim qarışıb bir-birinə… Bircə mənim indim
uzaq düşüb keçmişdən.

* * *
Hərdən Sənin özünün də xəbərin olmur. Sənin səsinlə mənim nəfəsim bir-birinə qovuşur. Səsinin hərarətindən ürəyimdə
Sənə deyiləsi sözlər əriyir. Heç nə deyə bilmirəm Sənə. Sözlərim yox olur. Eləcə nəfəsim qalır. Səsinə qovuşan nəfəsim.

* * *
Saçlarından öpərəm… Ağarmış tellərinin rəngi qaralana qədər… Gözlərindən öpərəm… Kədərli gözlərindən sevinc göz
yaşları axana qədər… Yanaqlarından öpərəm… Yanaqların opüşlərimdən yorulana qədər…dodaqların dodaqlarım üçün
darıxana qədər…Dodaqlarımın Sən həsrətli yaraları sağalana qədər… Sağalana qədər…

* * *
İnsan cismən qovuşanda bircə anlıq da olsa vüsaldan doyur… Xəyalən qovuşanda doymaq olmur. Cismən qovuşmaq
istəmirəm Sənə.

* * *
Hər gecə xəyalın yanaqlarımı öpür. Qorxuram ki, yanaqlarımdakı öpüş yerlərini kimsə görə bilər. Ona görə də hər gecə
ağlayıram. Göz yaşlarım yuyur öpüşünün yerlərini…

* * *
Ürəyim yaralarla doludur… Amma o yaralarım da əzizdir mənə. O yaraları Sən vurmusan axı…

* * *
Əgər bisəm ki, haradasa ikinci Sən vasan… Onda gecə-gündüz yol gedərəm ikinci Sənə qovuşmaq üçün…Bilirəm ki,ikinci
Sən yoxdur.

* * *
Allah məni kişi yaratsaydı, yəqin ki, Səni də qadın yaradardı…

* * *
Mən öləndə vəsiyyət edəcəm ki, mənə iki başdaşı qoysunlar. Birinə özümün şəklimi vórsunlar… O birinə isə Sənin
xəyalının şəklini… Mənim cismimdə həm də Sənin xəyalın var olub axı….

* * *
Səsini eşitdim… ürəyimdəki arzularımın yazı gəldi… Arzularım çiçək açdı. Duyğularım sel kimi aşıb – daşdı. Göz yaşlarım
yağış kimi axdı. Səsini eşitdim… Könlümün yazı gəldi.

* * *
Bu gecə xəyalını öpmək istədim. Gözümə dolmuş göz yaşlarım sənin gözlərinə doıdu. Ona görə də opmədim səni.
İstəmirəm ki, gözlərində yaş olsun.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to top