sevil gultən duyğularəım

“Duyğularım şeirə çevrilə bilməyəndə heç nə deməyin mənə!”

Bir lalın dil açan, danışan duyğuları

Duyğularım şeirə çevrilə bilməyəndə heç nə deməyin mənə! Dindirməyin məni! Çünki cavab verməyə taqətim olmayacaq. Lal oluram duyğularım şeirə çevrilə bilməyəndə

Duyğular, yağış kimi yağın üstümə! İsladın məni! Ağladın məni! Dəli kimi güldürün, dərviş kimi çöllərə salın məni! Mən şairəm – duyğuların quluyam! İncimərəm sizdən, yağış kimi yağın üstümə!

* * *
Yağış çat-çat olmuş torpağın arzusu olduğu tək Sən də mənim arzumsan! Arzum! Niyə sən bu qədər şirin, həm də əlçatmazsan?!

* * *
Ürəyimdən soruşdum: “Niyə Onu görəndə tir-tir əsirsən?” Cavab verə bilmədi ürəyim. Eləcə bərk – bərk döyündü- sevindi.  Çünki Sənin adını eşitmişdi.

* * *
O gün Sənin əlindən tutmaq istədim. YazıĞım gəldi Sənə. Qorxdum ki, Sənə olan bütün hisslərim əllərimə keçər, əllərim yandırar Səni – həsrətin məni yandırdığı tək!

* * *
Allahım! Niyə həm böyük sevinc, həm də böyük kədər verdin mənə?! Sevincim-sevgim, Sənə olan əbədi həsrətim-kədərim!

* * *
Bir parça bulud olmaq istəyirəm. Yağış olub təkcə Sənin üstünə yağmaq üçün!

* * *
Yalnız ilk dəfə Səni görəndə hiss etdim ki, qadınam. Duyğularım ilk dəfə Səni görüb oyandı.

* * *
Yuxular – ölümə hazırlıqdır. Hər gecə ölümə hazırlaşırıq. Hər gecə müvəqqəti ölürük. Hər gecə yuxularımdasan. Əbədi yuxuya
gedəndə də mənim yuxularımda olacaqsansa, nə xoşbəxtəm!

* * *
Ölümdən qorxmuram. Doğulduğumuz andan ölümə doğru yol gedirik. Qorxmuram ölümdən. Bircə ondan qorxuram ki, mən
öləndə xəyallarımdakı Sən də öləcəksən.

* * *
Ürəkdən-ürəyə yollar var. Gözəgörünməz yollar! O yollarla bircə dəfə ürəyimə gəl! Ürəyimdə Sənə olan sevgimin böyüklüyünü görüb əbədi donub qalarsan ürəyimdə.

* * *
Sən yoxsan – gözlərim heç kimi görmür, Sənin xəyalından başqa gözümə heç kim görünmür.

* * *
Sən məni həm göylərə qaldırmağa, həm də göylərdən yerə çırpmağa qadir yeganə insan!
* * *
Qışda çılpaq qalan ağacların bir daha çiçəkləmək ümidləri olmasaydı, yaza çıxmazdılar.

* * *
Fikirləşirəm: niyə bu qədər doğmasan mənə? Cavab tapdım: Ruhlarımızın ata-anası eynidir.

* * *
Ürəyimdəki sevgim göz yaşlarımda boğulur. Sən onu xilas edərsənmi?

* * *
Təkcə sənin Səsini eşidəndə sevinirəm. Səsin – sevinc payım, adi sözlərin – sevgi payım!

* * *
Heç nə, heç kəs məni özünə tabe edə bilməz. Mən yalnız eşqin qulu ola bilərəm!

* * *
Ürəyimdə ümid də var, qorxu da. Ümidim – Sən, qorxum -Səni itirmək!

* * *
Nə pisdir ağ rəng – hər rəngə boyamaq olur. Bəlkə elə qara rəng yaxşıdır – heç bir rəngə boyanmır.

* * *
Gündüzü xoşlamıram – sonu gecədir. Gecəni üstün tuturam – sonu səhərdir. Ömür – sonu ölüm, ölüm – sonu əbədiyyət! Mənə ölüm ver, ilahi!
* * *
Xəyallarımdakı Səni görsən, Sən də vurularsan özünə. Xəyallarımda yaratdığım Sən bir az Sənə oxşayır.

* * *
Həyat sevgidən yaranır. Bəs görəsən Yerdə həyat necə yaranıb? Hansı planet olub Yerin sevgilisi? Yer atadır, yoxsa ana?

* * *
Tanrım məni quş yaratdı. Ürəyimi nəğmə ilə doldurdu, amma o nəğmələri açıq səmada oxumağı mənə qismət etmədi.
Tanrım məni quş yaratdı, taleyim isə məni balıq kimi yaşamağa məhkum etdi. Hər dəfə nəğməmi oxumaq istəyəndə ağzıma su
dolur.

* * *
Sən sevgi nə olduüunu bilmirdin. Məndən öyrəndin sevməyi.

* * *
Bircə ürəyinə gedən yolu tapa bilsəydim! Sənin ürəyində özümü görsəm də, görməsəm də ölərəm. Görsəm – sevincimdəm, görməsəm dərddən.

* * *
Qaranı ağdan, ağı qaradan ayırmağa nə var ki… Ağı bozdan, bozu ağdan ayırmaqdır ən ağır iş!

* * *
İlahi, görəsən buludlar niyə ağlayır?!

* * *
Sənsiz karam, karam, lalam.

* * *
Ehtirasımı döydüm ki, məni incitməsin. Ağladı. Onun göz yaşlarında sevgi gördüm.

* * *
Ömrümün qışı gəlir. Mən isə hələ də yazı gözləyirəm.

* * *
Sənin eşqin məni Məcnun etdi. Məcnunların cinsi olmur. Kaş sən də Məcnun olaydın! Məcnun olmuş mən Leylinin nə dərdi olardı onda!..

* * *
Ey dərdi olmayanlar! Mən sizə qibtə etmirəm. Sevinci olmayanın dərdi də olmaz. Mən sizdən xoşbəxtəm. Mənim hər dərdim çiçək açmayan sevincimdir. Dərdimin içində sevincim var. Sevincimin içində dərdim yaşayır.

* * *
Mən sevgi adlı bir zirvədəyəm. O zirvəyə məni həsrətim qaldırıb. Ən böyük həsrətə dözə bilənlər sevgi zirvəsinə qalxa bilərlər.

* * *
Xoşbəxt olardım, sən məni sevsəydin. Sevmək xoşbəxtlikdir. Sənin də xoşbəxtliyini istəyirəm.

* * *
Kaş bütün sancıların səbəbi sevgi olaydı.

* * *
Mənim sevgim o qədər böyükdür ki, Sənin bütöv ömrüno has edər.

* * *
Üzüyü daş-qaşla bəzəmək o üzüyü ört-bastır etməkdir. Oadının da bəzəyi onu gizlədir.

* * *
Bəzənmiş bütün qadınlar bir-birinə bənzəyir. Bəzənməmiş qadınların isə hərəsinin öz gözəlliyi var.

* * *
Ey mənim cismimi yıxan varlıq! Sən məni yıxmadın. Mən ıyağa durmaqla sənə qalib gəldim. Sən məni yıxmaqla özünü
məğlub etdin. İnsan təkcə cismani varlıq deyiL. Həm də ruhani olandır. Sən cismani məndən qüvvəli olsan da ruhani məndən güclü deyilsən. Güclü olsaydın məni cismən yıxmazdın.

* * *
Qəlbinin başına dönüm. Nə yaxşı ki, varmış! Məni mən etdi! Mənə sevgini göstərdi!

* * *
Elə etmə ki, ruhum ağlasın. Ruhum ağlasa sənin ruhun göz yaşlarımda boğular. Mənim ruhum sənin ruhunun başına dolanır axı!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to top