z-esse04

Ana səhifə                         Əvvələ                      Növbəti                 

Zərdablı unudulmaz Nurməmməd əmi…

Bir neçə gün əvvəl facebook- da Faiq Balabəyli belə bir status yazmışdı:
“Nehrəpartladan nədir?” İnanca görə laləni nehrənin yanına gətirsən nehrə partlayar. Biz tərəflərdə nehrəpartladan yox, nehrəsındıran deyirlər. Bu inancın kökündə bəlkə də lalənin bağrındakı qara xal durur? Dəqiq bilmirəm.

Bu bircə cümləlik status məni uşaqlıq illərimə apardı. Onu, o balaca nehrəsındıranı xatırladım. Yox, lalədən söhbət getmir. 

Əvvəlcə nehrə barədə. Ola bilsin ki, indiki nəslin bəzi nümayəndələri nehrəni heç təsəvvür də edə bilməsin. Nehrə – qatığı yağa çevirən bir ev əşyasıdır. Qarabağ zonasında bu tam başqa formada olur – taxta materialdan olur. Yüyrük kimi yırğalayırlar. Amma bizim zonada nehrəni dulusçular hazırlayırlar – küp materialından olur. 

Hazır qatığı nehrəyə töküb çalxalayırlar. Nehrənin ağzına sələ (heyvan dərisindən hazırlanır ) bağlayırlar ki, qatıq dağılmasın. Nehrənin ortasında balaca bir deşik olur ki, ora da balaca bir qarğı taxırlar (buna düdük deyirlər) .Yağın hazır olub-olmadığını o qarğıdan bilirlər.
Nehrənin özünün xüsusi döşəkçəsi olur, çalxalayarkən onun üstünə qoyurlar. Sonra isə nehrəni yuyub gün dəyən bir yerə qoyurlar ki, içi nəm çəkməsin.

Birinci, ya da ikinci sinifdə oxuyurdum. Nehrə də eyvanın başında döşəkçənin üstündə «günəş şüaları qəbul edirdi».

Əlimdə mis dolça vardı. Necə oldusa ayağım sürüşdü, yıxıldım. Dizim zərblə eyvanın taxtasına, əlimdəki dolça isə nehrəyə zərblə dəydi. Dizim möhkəm əzildi, nehrə isə çartladı. Bu o demək idi ki, daha onu istifadə etmək olmazdı. O vaxtlar bizim rayonda nehrə satılmırdı, ya Göyçaydan ya da Ağcabədidən gedib alardılar. Qiyməti heç də ucuz deyildi.

Dizimin ağrısını unutdum, nehrənin dərdini çəkirdim. Nehrəni çevirdim, sınan tərəf altda qaldı. Dizimi bir köhnə şalla sarıyıb anamı gözlədim. Onu görən kimi ağladım. Əslində məni ağladan dizimin ağrısı yox, nehrəni sındırmağımın qorxusu idi. Heç nə demədim. Yəqin ki, qorxmuşam ki, danlayacaq məni.

Bir neçə gün keçdi, nehrə lazım olanda nehrənin sındığı məlum oldu. “Mən yox, dolça sındırdı nehrəni “- dedim.

Unutmuşam, çoxmu danlandım, ya azmı. Amma hər dəfə hardasa nehrə görəndə onu – o balaca məni xatırlayıram. Əzilmiş dizini köhnə şalla bağlayan, sınmış nehrəni güclə o biri üzü üstə çevirən balaca məni… Balaca nehrəsındıra

Heç bilmirəm hardan yadıma düşdü o. Dünən bir heyva ağacı gördüm yol kənarında. Yerə tökülmüş saralmış yarpaqları külək pərən-pərən salmışdı. Heyva ağacını görən kimi yaddaşımda Nurməmməd əmiylə bağlı xatirələr diksinb oyandı sanki…Onların həyəti heyva ağacıyla dolu idi.

Ona “Nurməmməd əmi” deyirdik. Atamın qardaşı deyildi, atamla əmoğlu idilər. Amma əsl əmidən də yaxın idi. Bu yaşacan mən hələ onun kimi kövrək insan görməmişəm. Ən xırda şeyə kövrələr, gözləri yaşla dolardı. Nə qədər çalışam da onu hirsli halda təsəvvür edə bilmirəm.. Sanki heç hirslənmirdi o…
O vaxtlar kənd yerlərində ipəkqurdu yetişdirib, barama hazırlayardılar. Aprel-may ayları kənd camaatının başı baramaya qarışardı. Nurməmməd əmi də barama saxlayardı. Hamı bir-birinə kömək edər, baramını dənləyib tez təhvil vermək üçün uşaqlı-böyüklü bu işlə məşğul olardılar. Biz də həmişə Nurməmməd əmiyə kömək edər, əvəzində isə “zəhmət haqqı” alardıq. “Zəhmət haqqımız” sapsarı ərik və gilənar olardı. O vaxt indiki kimi salafan torbalar yox idi. Qızlar əriyi, gilənarı donlarının ətəklərinə, oğlanlar isə köynəklərinin içinə doldurardı. Əslində öz həyətimizdə də bu meyvələrdən vardı. Amma onun verdiyi meyvələr fərqli görünərdi bizə…..
Bilmirəm onun iş yeri hara idi. Bildiyim odur ki, gəmisi vardı. O vaxtlar mən onun gəmisini ən böyk gəmi hesab edirdim. İndi isə o gəmini yadıma salnda balaca bir gəmi olduğunu anlayıram. Kim bilir, bəlkə insanlar balaca olanda hər şey gözlərinə böyük görünür, bir də illər ötüb yaşlanandan sonra bir vaxlar böyük bildiklərinin balaca olduğunu dərk edirlər.
Həmişə Kürün o biri tayında bostan əkərdi, gəmisiylə bu taya daşıyardı…Kürün sahilindən onun evinə isə biz daşıyardıq qarpızları., yemişləri…Sözsüz ki, yenə də payımızı verərdi.
Uzun qış gecələrində kənd adamları bir-birinə qonaq gedər, gecəyarısınadək söhbət edərdilər. Elə bilirəm onların evində, odun sobasının yanında pıqqapıq qaynayan samovar çayından ətirli çayı heç bir yerdə içməmişəm hələ…
…Bir də çoxlu heyva ağacları vardı həyətində…. Evlərindən həmişə heyva ətri gələrdi… Üstündə heyva olan budaqları evin divarından asardı-ən gözəl rəsm əsəri kimi…
…Neçə ildir yoxdur Nurməmməd əmi. Haqq dünyasındadır…Kəndimizin balaca uşaqları onun gəmisində Kürü səyahət etmədən böyüyürlər… Kəndimizin mən yaşda olan uşaqlarının xatirələrində yaşayır Nurməmməd əmi…
O yoxdur, amma həyətlərindəki ərik, gilənar, heyva ağacları hələ də durur-qurumuş budaqları budanmasa da….
O yoxdur, amma onun çəkdiyi çəpər hələ də küləyə, yağışa dözüb onun əllərinin izini yaşadır…
O yoxdur… Amma yaddaşımdakı Nurməmməd əmi hələ də yaşayır…

 

Scroll to top