Qoşa qarıyanlar…
…İlk dəfə mən onunla Bakıdan rayonumuza gedən avtobusda tanış olmuşdum. O, Xarici Dillər institutunu qurtarıb Zərdab rayonuna təyinat almışdı. Özü Bakıda böyüyüb –başa çatmışdı. Məktəbdə işləməyə elə can atırdı ki…Gözləri işıqla dolu idi…Gözləri bir az zəif görürdü, eynək taxırdı. Amma eynəyin altından da o işıq hiss olunurdu.
Ondan sonra dostluğumuz başladı. Həftə sonları bizim kəndə gələrdi, gecəni bizdə qalardı, şagirdlərindən, işlədiyi kənddə qarşılaşdığı maraqlı əhvalatlardan söz açardı. Hərdən də gələcək həyatından danışardı. Gələcək həyat yoldaşını, uşaqlarını təsvir edirdi… Arzuları ürəyindən aşıb daşırdı…
Onunla dostluğum 1987-ci ilə qədər davam etdi. Onun təyinat müddəti bitdi, o geriyə, Bakıya qayıtdı. Bir müddət məktublaşdıq, Bakıya gələndə bir neçə dəfə onların evində qonaq oldum. Ata-anasıyla, iki bacısıyla tanış oldum. Sonra isə əlaqələr kəsildi… Evləri “Moskva” univermağının yaxınığındakı beşmərtəbəli binalardan birinin üçüncü mərtəbəsində idi.
…Onunla əlaqələrimiz kəsilsə də tez-tez xatırlayırdım onu. Yuxuma girirdi. Son dəfə bu ilin mart ayında yenə yuxuma girdi. “Mənim gözlərim zəif görür, ünvanını oxuya bilmirəm, bəs sən niyə axtarmırsan məni?“–yuxuda belə demişdi.
Həmin yuxunu gördüyüm günün səhərisi qarşıma məqsəd qoydum: Onu axtarıb tapacam! Yuxarıda qeyd etdiyim kimi evləri Moskva Univermağının yaxınlığında idi. Küçələrinin adını da xatırlayırdım: Pişəvəri küçəsi. Vəssəlam!
Balaca qızım Gültənlə axtarış məqsədilə evdən çıxdıq. Univermağın yaxınlığındakı binaların üstündə Pişəvəri yazısına rast gəlmədik. Məlum oldu ki, küçənin adı dəyişib… Amma bu bizi ruhdan salmadı… Binalara baxa-baxa gedirdik, o tanış binanı axtarırdım. Beşmərtəbəli bir binanın yanından keçəndə Gültən fikrimi üçüncü mərtəbədə paltar sərən bir qadına yönəltdi. : “Yuxarı bax, qadının gözündə eynək var!“ Ümidsiz halda başımı qaldırıb paltar sərən o qadına baxdım. O idi! Təranə!
…Heç bilmədik ki, üçüncü mərtəbəyə necə qalxdıq. Ürəyimdə deyirdim ki, yəqin bayrama görə ata evinə gəlib. Bunu bir təsadüf hesab edirdim… Qapının zəngini basdım. Qapı açıldı. O idi, gözündə eynək, bir az kökəlmişdi… sevindiyindən gözləri yaşarmışdı… Bir yaşlı qadın, beli bir az əyilmiş qadın da gəlib bizlə görüşüb mətbəxə keçdı.
…O məni sorğu-suala tutmuşdu. Artıq mən də səbr edə bilmədim: “Təranə, de görüm, ailə qurmusanmı?” – “Yox” – sözünü eşidəndə gözlərinə baxdım. Orada işıqdan əsər-əlamət yox idi. Amma çox toxtaqlıqla dedi “yox” kəlməsini.
“Mənim də qismətim beləymiş. 50 yaşıma qədər gözlədim (indi onun 54 yaşı var-S.G). Ömür yoluma ürəyimcə olan adam çıxmadı “.
“Bəs bacıların hanı?” – soruşdum. “Balaca bacım ailə qurub. Ortancıl bacım da mənim kimi ailə qurmayıb.“
“Bəs hanı ortancıl bacın?” – sualıma əlini mətbəxə sarı uzatmaqla kifayətləndi.
“Nəəə?” – O bacındır? Mən elə bildim anandır..”
“Yox, anam kiçik bacımgildədir. Bütün günü onlarda olur, hərdən gəlir evə. Bacıma kömək edir, axı onun iki uşağı var. Ər-arvad hər ikisi işləyir. Uşaqlar anamın öhdəsində olur.“
…Muzeylərin birində işləyir. Özü demişkən, səhər gedib axşam gəlir. Maaşı çox olmasa da ailəli bacısına az da olsa kömək edir. Ortancıl bacısı isə işləmir. Bəlkə ona görə çox tez qocalıb…
…Mən ona çox sual vermədim. Şəkillərini gətirdi. Cavanlıq şəkillərinə baxanda kövrəldi.
…O evdə iki bacı yaşayır. Gəlinlik donu geyinmək qismət olmadı onların heç birinə. Onların taleyinin ölçüsünə gəlinlik donu biçilməyib. Nənəlik yaşındadırlar, amma “ana” deyə çağıran olmayıb onları. Arzuları gözlərində donub qalıb. Onlar xəyallarda gəlinlik donu geyinib, yuxularda uşaq bələyiblər…Ötüb keçən illər onların gözündəki işığı oğurlayıb. Ataları dünyasını dəyişib, iki qızın yükü ananın çiyinlərində qalıb. Nə yaxşı ki, onların anasını görmədim. Əgər bir ananın qızının beli bükülübsə, gör o qızın anasının beli necə bükülər? İki qız yükünü ömürlük daşımaq asan deyil…
…O evdə iki qız yaşayır… İki qız qarıyır… İki bacı qoşa qarıyır o evdə… Ümidləri qocalmış, arzularının üstünü toz basmış iki qız qarıyır… Xəyallarındakı ağ atlı oğlanlar elə xəyallarda da qaldılar. Gəlib çata bilmədilər onlara…
Bir evdə iki qız qarıyır…Qoşa qarıyırlar….
P.S. Bu yazıma nöqtə qoydum, amma “qarımaq” feli barədə düşüncələrimə nöqtə qoya bilmədim. Öz-özümə deyirdim ki, bəlkə səhv edirəm. Axı bizlərdə adətən evlənən cütlüklərə “qoşa qarıyın” deyirlər? Deyirdim ki, iki bacının bir yerdə qarımasına “qoşa qarımaq” demək olar ya yox? Bir sözlə, bu “qarımaq” sözü fikrimdən çıxmırdı. Kişilərin yaşlanmağı “qocalmaq” sözüylə ifadə olunur, qadınların yaşlanmağı isə həm “qarımaq” həm də “qocalmaq” adlanır. Maraqlıdır, elə isə niyə bəs evlənənlərə “qoşa qarıyın” deyirik?! Axı evlənənlərin biri qadın, biri kişidir! Bəlkə “qarımaq” sözünün başqa mənası da var?
27/11/2012