z-maqala1

Ana səhifə                         Əvvələ                      Növbəti                 

“Üç”lər hara aparır?
http://www.azadinform.az/  

Mənim həyatımda elə hadisələr olub ki, həmin hadisələr həyatımı başdan-başa faiz dəyişib.
Belə hadisələrdən biri də 1978-ci ilin avqust ayında- qəbul imtahanında baş verib.
Mən kənddə böyümüşəm. Səkkizillik məktəbi qurtarıb Zərdab şəhər 2 nömrəli orta məktəbə getdik.
Tələbə olmaq arzusu da elə o vaxtdan yarandı. Məktəbin ali məktəb tələbəsi olan məzunları ilə qış
tətilində görüş keçirilirdi. O görüşlər məndə tələbə olmaq arzusu oyatdı. Arzum ingilis- dili müəllimi
olmaq idi. Beşinci sinifdə ilk dəfə bizə ingilis- dili dərsi keçən Əlihəsən müəllim bu fənni bizə
sevdirmişdi.
O vaxt da instituta girmək çətin idi. “ Rüşvət” verənlər daha asan, bilikli olanlar isə çox çətinliklə
qəbul olurdular. Tələbə olmaq arzumu ailədə heç kimə demədim. Bir də məktəbi qurtarıb attestat
alanda “ baba” ma ( atamıza “baba” deyərdik) bu haqda dedim. Əvvəl evdə razı olmadılar. Onlara
elə gəlirdi ki, kasıb balası instituta girə bilməz(atam traktorçu idi, anam isə kolxozçu).
Qəbul imtahanlarına demək olar ki, pambıq kolları arasında hazırlaşmışdım. Dərsdən sonra bizi
kolxozçulara kömək etməyə aparırdılar. Ya seyrəltmə işi aparırdıq, ya alaq edirdik. Yorulub
oturanda kitab oxuyurdum. Mənə görə kitab oxumaq istirahət idi. Neçə kitablarımı pambıq kolları
arasında itirdim. Bütün mövzuları ən azı yüz dəfə təkrarlamışdım. Fikrim qəti idi: Bakıdan
kəndmizə tələbə kimi qayıtmaq.
Atam maaşını alandan sonra Bakıya gəldik. Yaddaşımın səhifələrini nə qədər vərəqləsəm də
şəhərə ilk dəfə gəlişimi bütün detalları ilə xatırlaya bilmirəm. Yadımda qalan odur ki, yaşıl ipək
don və ağ rəngli yay ayaqqabısı geymişdim. Bir boz rəngli çamadana isə kitablarımı yığmışdım.
İmtahanlar arasında üç-dörd gün vaxt olurdu. Bir daha təkrarlamaq istəyirdim.
Nə isə… Atam məni şəhərdə yaşayan əmimgilə qoyub kəndə qayıtdı.
İlk imtahan ingilis –dilindən idi. “ 4” aldım. Bütün suallara cavab versəm də, “ 4” qiymət verdilər.
Dedilər ki, tələffüzüm zəifdir. İkinci imtahandan-tarixdən də “ 4” aldım. Üçüncü imtahan ana dili və
ədəbiyyatdan yazılı imtahan idi: inşadan “ 5” aldım. Sərbəst mövzu yazanlara üstünlük verirdilər.
Mən də inşanı sərbəst mövzuda yazmışdım.
Amma ən böyük “ dağ” qarşıda idi. Əgər axırıncı imtahandan “3” alsaydım qəbul oluna
bilməzdim, müsabiqədən keçməzdim. İndiki dillə desək, “ bal” ım çatmazdı.
Axırıncı imtahan ana dili və ədəbiyyatdan şifahi imtahan idi. Tam arxayın idim.
“ 5” almalıydım.
Amma… Bütün suallara cavab versəm də mənə “ 3” vermək istəyirdilər. Bu isə arzularımın puç
olması, valideynlərimin ümidlərini qırmaq idi. Mən onları inandırmışdım ki, kasıb balası da instituta
girə bilər.
İmtahan götürənlərdən biri yaşlı qadın idi. Mən ondan tələb edirdim ki, mənə çoxlu suallar
versinlər. Amma o məni eşitmək istəmirdi. Niyəsini sonralar başa düşdüm. Mən öz gücümə
instituta girməklə rüşvət verənin yerini tutmuş olurdum.
Müəllim əlinə qələm aldı ki, mənə “3” yazsın. O vaxtkı halımı təsvir etməkdə çətinlik çəkirəm.
Gözlərim dolmuşdu. Elə bu vaxt imtahan otağının qapısı açıldı. Orta yaşlarında bir kişi otağa daxil
oldu. Elə bil göydən düşdü o kişi. Mənə yaxınlaşdı. Dedim ki. mən “ 3 “ almaq istəmirəm. Mənə
sual versinlər, “ 5” almaq istəyirəm. Həmin kişi müəllimlərə dedi ki, mənə sual versinlər. Hardan
sual versələr də cavab verdim. Sonda həmin kişi dedi ki, özü də mənə sual vermək istəyir. Amma
dedi ki, sualıma cavab təbii olmalıdır. İmtahandakı ab-havaya uyğun. Dedi ki, iki cümlə deyim, biri
tərzi-hərəkət budaq cüməlsinə aid olsun o biri isə təyin budaq cümləsi olsun.
Cümlələrimi bu cür qurdum:
“Mən elə oturmuşam ki, heç elə bil imtahanda deyiləm” , və “ Sizə elə tələbələr lazımdır ki,
mənim kimi bütün suallara cavab versin” .
Kişi razı qaldı. Müəlimlərin daha əlacı qalmadı. Bayaq mənə “ 3” yazmaq üçün qələmi əlinə
götürən qadın mənə “ 5” yazdı…
…Qəbul olanların adı divarda vərəqdə yazılırdı. Öz adımı divara vurulan kağızdan oxuyandan
sonra arxayın oldum. Atam Bakıya gəldi- kəndə qayıtdım. Çamadanım da əlimdə…
Mən kəndə qayıdanda hamı mənim “ qəhrəmanlığımdan” danışırdı. Sən demə, imtahan otağına
girən həmin ortayaşlı kişi “ Azərbaycan müəllimi” qəzetinin müxbiri imiş- Allahverdi Eminov.
“Azərbaycan müəlimi” qəzetinin 23 avqust 1978 –cil nömrəsində bir məqalə dərc olunmuşdu. “
Üçlər hara aparır ?” adlı o məqalədə zəif cavab verənlərlə yanaşı mənim barəmdə də geniş
yazılmışdı. Bir sütün mənə həsr edilmişdi. Pambıq rayonundan olmağıma baxmayaraq necə
hazırlıqlı olmağımdan yazmışdı. Həmin məqaləni oxuyan müəllimlərim artıq mənim tələbə adını
qazanmağımı məndən əvvəl bilirdlər.
P.S. Həmişə Allahverdi Eminovu görmək, ona təşəkkür etmək istəyirdim. Amma bu mənə bir də
az qala 30 ildən sonra nəsib oldu. Deyəsən 2008-ci il idi. Muğam Teatrında ədəbi –dram hisə
müdiri işləyirdim. Əslən Salyandan olan hansısa bir şair yaxud da musiqiçinin yaradıçılıq gecəsi
idi. Birdən aparıcının
“Soz verilir Allahverdi Eminova” deməsi məni o illərə apardı… Tədbirdən sonra ona yanaşdım.
İllər öncə olan hadisəni ona xatırlatdım. Yadına düşdü. Gec də olsa ona təşəkkür etdim. Onu da
əlavə edim ki, həmin gün o bircə dəqiqə gec gəlsəydi artəq mənə “ 3” yazılacaqdı…Onun vaxtında
imtahan otağına girməsi mənim bütün həyatımı dəyişdi….

Scroll to top