… NƏ VAXT OLACAQ BIR UÇUQ KOMAM?
… Nə vaxt olacaq bir uçuq komam?
başıma yığacam kitablarımı,
tökəcəm qarşıma
küləklər cırmış varaqlarımı,
yazacam ən qəmli bayatımı?
Nə vaxt qismətim olacaq bir dağılmış xaraba?
daşıyacam ora qurumuş arzularımı,
solmuş ümidlərimi
qucaq-qucaq, araba- araba?
Nə vaxt bir yerə yığacam
xəzəl olmuş sevinclərimi,
sınıq könlümdən yerə dağılmış şüşə sevgimi?
Nə vaxt olacaq sevgi evim? –
İçində sevdiyimin xəyalı,
saçlarımda o xəyalın sığalı?
Nə vaxt qismətim olacaq bir dağılmış xaraba?
Ruhum canımdan çıxıb
dolaşacaq kəndbəkənd, oba-oba?
Nə vaxt?!
1 iyun 2006