ƏGƏR BIR GÜN QƏFIL ÖLSƏM…
Əgər bir gün qəfil ölsəm…
Bircə Sən gəl yanıma,
yanımda ol son anımda…
Nə anam gəlsin,
nə balalarım,
Nə bacım gəlsin,
nə də qardaşım.
Nə də həkim! –
Səndən başqa heç kim!
Dünyaya gətirsə də anam məni
Heç vaxt görə bilmədi qəlbimi.
Həyat versəm də iki balama
Çarə ola bilməzdi onlar
sağalmaz yarama
Dörd bacı –
bilmədilər nədir könlümün ehtiyacı.
İki qardaş –
bilmədilər ki,
ömrüm boyu kədər oldu mənə yoldaş.
Son anımda
Sən ol yanımda!
Öləndən sonra da
əlin dəysə əlimə,
Telin qarışsa telimə
Nəfəsin yanağıma toxunsa
Dodağımda sevgi nəğməsi oxunsa,
inan ki, dirilərəm,
sevgi quşuna çevrilərəm.
Kainat durduqca
dolanaram sənin ruhunun başına
ölənəcən əbədi qalaram sevgi yaşında!
13 fevral 2004