SƏN GƏLMƏDIN
Hər dəfə qapı açılanda
qapıya boylandım.
Sənə deyəcəyim sözləri təkrarladım
baxışlarımla səni axtardım –
Sən gəlmədin.
Sənə deyəcəyim sözlər
yanıb ürəyimə töküldü.
Gözlərimdə payız yağışları hönkürdü
könlümün sevinc daşları söküldü-
Sən gəlmədin.
Birisini sənə oxşatdım…
Ruhumu bircə anlıq vüsal rəngiylə boyadım.
Sənə oxşayanın gözlərini görüb sarsıldım-
təzədən səni aradım-
Sən gəlmədin.
Səni çox axtardı gözlərim
Sənsiz darıxdı sözlərim.
Gözlərimi yumdum
Sənsizliyi xəyalınla ovutdum…
Sən gəldin-
Xəyal olub gəldin.
11 noyabr 2005