z-sheir16

Ana səhifə                         Əvvələ                      Növbəti                 

OLANIMDAN SIZƏ DƏ PAY DÜŞDÜ
Qızlarım Yasəmən və Gültənə

Ağladım…
       göz yaşımdan qoşa damla
             pay düşdü gözlərinizə.
Sərt taleyimin daş döngəsində sarsıldım,
               bir ovuc daş qırığı
                     yağış tək yağdı sözlərinizə…
…Ürəyimi nişan aldı
            bir naşının iynə kəlməsi.
Yaralı qəlbimin naləsi
           qulağınıza hopub qaldı.
Mənim cavanlığım qocaldı,
           sizin uşaqlığınızın üstünü
                 qara buludlar aldı.
Olanımdan sizə də pay düşdü-
            məni titrədən küləklər
               sizi də üşütdü.

noyabr 2006

Scroll to top