z-sheir26_1

Ana səhifə                         Əvvələ                      Növbəti                 

( Bibim qızı Sahibənin xatirəsinə)

Qəfil eşitdim ki, köç etmisən bu dünyadan….
Yığmısan ürəyinə olub- qalanını-
Tənhalığını, qəmini, kədərini
Köçüb getmisən….
*
Yağışa tapşırmısan
Həyətindəki ağacları sulamağı
Küləklərə tapşırmısan
həyətinə düşən sarı yarpaqları süpürməyi…
Yerə çökmüş çəpərini
qonşudakı mal-qaranın insafına tapşırıb
köçüb getmisən…
*


Bütün fəsillərdə soyuq havayla dolu evini
Yarasaların umuduna qoyub getmisən
O evdə axıtdığın göz yaşlarına tapşırmısan
Eyvanını silib -süpürməyi…

Gözlərinin divarından asmısan
17 il öncə bu dünyadan köç etmiş qızının şəklini
Son dəfə gözlərini yummazdan əvvəl
bircə balanın şəklini görmüsən…
… gözlərinin içində qızının şəkli
Qohum-qonşu qapayıb gözlərini…

26 dekabr 2010

 

Scroll to top