Köç
Bu köç hara gedir belə, bilmirəm
Bu köç sanki ürəyimi aparır.
Ay ellər! Səsimə siz də verin hay
Bu köç məni dünənimdən qoparır.
***
Bu köç Şuşa, Kəlbəcərdi, Laçındı,
Dağ idilər, dağ arana daşınır.
Torpağımız gör qan içir haçandı
Torpaq yanır, hava yanır, daş yanır.
***
O dağlarda düşmənimiz yurd salsa
Haram olsun bizə vətən çörəyi.
Qarabağda yad ocağı qalansa-
Örtsün “nər oğullar” gəlin örpəyi.
***
Bu köç hara gedir belə, bilmirəm,
Şuşa, Laçın köç-köç olub daşınır.
Gözümdən də hey yaş axır, silmirəm-
Hər damla yaş ürəyimdə dağ olur.
***
Bu köç hara gedir belə, ay köçən,
Hansı səmtə düşəcəksən, bilmirsən.
Dünən dağ oğluydun, köçən, ay köçən,
İndi isə, indi isə sən didərginsən!
27 may -01 iyul 1992