Hamlet İsaxanlı: “Yanğıdan doğan şeirlər”

Zərdabda anadan olmuşam. Əmək fəaliyyətinə də orada başlamışam. 2003-cü ildə gəlmişəm Bakıya. Necə? Bu haqda səbəbkar danışsa daha yaxşı olar. Beləliklə, söz Hamlet İsaxanlınındır.

“Bu yaxmlarda Zərdabdan bir məktub və bir dəftər aldım. Sevil Gültən, Sevil Məmmədqızı, Sevil Nuriyeva adları ilə imzalanmış 48 səhifəlik dəftərin üstündə “Tanrım, məni quş eylə!” sözləri yazılmışdı. Içində isə səliqəli xətlə yazılımş şeirlər vardı.Şerilər məni tutdu.

Keçir ömrüm vallah, röyalar kimi,
Eh, kim vurdu kor bəxtimə kilidi.
Ağlar qəlbim kim deyir ki, kiridi
Bir gün görəm qolum qanad kimidi-
Tanrım, məni quş eylə!

Şerilərdə ürəkağrıdan bir üzüntü vardı. Sanki qəfəsə salınmış bir quş göylər həsrətilə ağlayırdı, qəfəsə salınmış aslan nərə çəkirdi. Yaradıcılıq eşqi ilə döyünən, sevilmək və sevmək xoşbəxtliyindən aralı qalmış, amma ümidini üzməyən, gündəlik qayğıların adiliyindən, təkrarından bezmiş bir çılğınlıq hiss olunurdu bu şerilərdə.

Göylər qızıyam –
hava acıyam,
                  gözəllik möhtacıyam….
Bir güin soyunub atacağam paltarlarımı,
çıxarıb tullayacağam ayaqqabılarımı .
Qollarımı qanad kimi açacağam,
əvvəl havanı qucaqlayacağam,
sonra uçacağam.

Ailə səadəti uzun sürməyib. İki qızını tək böyüdür. Təklik, təkliyin döğurduğu zəhmət və məsuliyyət, zamanın başgicəlləndirici sürəti qarşısında nə edə bilərik? İstedad varsa, sözə, şeirə dönmək, xəyallarını və düşüncələrini özünə sirdaş etmək insanın qarşısında tək yoldur.

Cavan idim, tez qarıdım,
Bircə anamdan yarıdım.
Yüz yaşasam, qocalmazdım,
Qocaldım ev tikə-tikə.

Sevil xanımın şeriləri onun çox həssas və kövrək olduğunun sübutudur. O, acı küləklərdən qorunmaq istəyir. Zərif qəlbinə həmdəm axtarır:

…Bir çiçəyəm – köməksizəm,
qırma məni!
Əgər bacarsan, qoru məni,
Qoru məni acı küləklərdən,
yoldan ötənlərdən.
…Qoru məni yağışdan,
yaza çıxart məni qarlı qışdan.
…Bir çiçəyəm qırma məni,
əgər qırsan, atma məni,
köksündə gizlət məni.
Qəlbindəki məhəbbətlə
İsit məni, yaşat məni!

Xəbər göndərdim. Gəldi. Girişsiz, diplomatiyasız söhbətə başladı. Sürətlə danışırdı, gah tutulur, gah açılırdı. Şerin vurğunu olmaqla kifayətlənmir, poetik mühüt arzulayır. Məktubunda yazdığı kimi: “Balıq dəryada böyüyər, tale məni ğölməçəyə saldı”.
Görüşümüzdən bir neçə gün keçmiş daha üç dəftər göndərdi. İki şagird dəftərində şeirlər yazılmışdı. Birində isə Lord Bayrondan etdiyi sətri tərcümələr verilmişdi. Sonralar talenin dönüklüyümü, yoxsa Sevil xanımın həvəssizliyimi, onun ifasında Bayronun azərbaycancaya poetik tərcümələrinə gətirib çıxarmayıb.
Sevil xanımın şeirlərində bəzən hekayəçilik əlamətləri görünür, bəzi şeirləri mənsur şeirlərə də bənzəyir. Amma o, ancaq hisslərini yazır, qafiyə arxa planda qalır, şablondan qaçır və çox zaman da buna müyəssər olur.

Hər gün günəş gizlənəndə,
bağlara qaranlıq çökəndə
kövrəlir bu ağac-
Bəxtindən gileylənir bu ağac.
Bu ağac bezib
bir yerə yapışıb qalmaqdan,
bezib həmişə eyni otlara baxmaqdan.
Bezib sevincini, kədərini içində saxlamaqdan.
Bu ağac yerimək istəyir,
bu ağac gəzmək istəyir.

Təbiətlə, onun müxtəlif təzahürləri ilə insan taleyi arasında oxşarlıqlar həmişə şairlərin sevdiyi mövzu olub.

Builki qış
atamı aparmağa gəlmişdi
apardı, əbədi apardı.
Yağan yağış
evimizin divarlarına,
bacılarımın yanaqlarına
Atamızı hamımızdan az görmüş
kiçik qardaşımın gözlərinin içinə-
ürəyinə yağdı.

Sevgi hissi şairi heç vaxt tərk etmir. O, həmişə gözləyir, ümid edir:

… Sən məni sevsəydin,
sevsəydin, Allah,
Xoşbəxtlər xoşbəxti olardım bəlkə.
Hansına çatdım ki, arzularımın
Mənim arzularım ölür bələkdə.

Adətən cəmiyyətin davranış formaları fərdlərdən cəmiyyət içərisində öz hisslərini cilovlamağı tələb edir. Şeirdə isə müəllif açıq və səmimi ola bilir. (müəllif özü səmimidirsə … ) Şeirdə hisslər cilovlanmamış haldadır, təbiidir. Sevil xanım heç həyatda da öz hisslərini cilovlamağa xüsusi səy göstərmir. Şeirdə isə o, tam sərbəstdir, azadlığın dadını özü də duyur, oxucularına da çatdırır. Şeirləri qulaq üçün deyil, (bu azərbaycan şerinin böyük qisminə xasdır) ruha yönəlmişdir.

Azərbaycan xalqının böyük qisminin şeir yazdığı, peşəkar adlanan şairlərlə həvəskar adlanan şairlərin arasındakı fərqlərin az qala yoxa çıxdığı bir dövrdə həqiqətən istedadlı şairlərə, tutarlı fikirlə zərif formanı birləşdirə bilən şairlərə ehtiyac duyulur. Sevil xanımın şeirləri seviləcək, düşündürəcək, ağlada bilmək qüdrəti ilə yadda qalacaq, buna şübhəm yoxdur.

İstedadlı şairə Sevil xanım, Sevil Gültən insana, təbiətə, şeirə vurğundur. Bu vurğunluğun və talenin qaladığı yanğının yeni gözəl şeirlər doğurmasını arzulayıram.”

1 fevral 2003-cü il. “Xəzər-Xəbər” jurnalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to top