sevil gulten köhnə sayt

Sevil Gültən:”Şeirlərimin İsindiyi Bucaq”

Oxuculara!

Mən əslində çox nikbin adamam.  Ən çətin anlarımda da nikbinliyimi qoruyub saxlamağa çalışıram.  Ancaq kövrələndə heç nə o nikbinlyi qaytara bilmir mənə…  Dünənki ğün də ən kövrək bir gün kimi yaddaşima həkk olunacaq.  Sevincdən kövrəlmişdim…  www.zardab.com.az/sevilgulten elektron ünvanını açıb baxdim…  Əslində hələ özümü bu sayta layiq bilmirəm. Elə bir qeyri-adi heç ne etməmişəm. Sadəcə duyğularımı qələmə almışam…

Hələ uşaq olandan, məktəbdə oxuduğum vaxtlardan bir arzum olub. Balaca bir otağım olaydi. Özumə məxsus nə varsa yiğaydım ora…  Böyüdüm. Arzum heç böyümədi. Yenə də eyni şeyi arzuladim.  Bir iş otağı arzuladım. Elə bir otaq ki, o otaqda duyğularimla üzbəüz qalım, urəyimi vərəqlərə köçürmək üçün bir guşəm olsun…

Bəlkə də kiməsə bu arzu çox balaca görünə bilər… Amma gələn ay 47 yaşım tamam olacaq. Hələ də bu arzum həyata keçməyib… O arzumu həyata keçirmək üçün çox çalışmışam… Öz kədimizdə torpaq sahəsi alanda sevinirdim. Sevinirdim ki, arzum gerçək olacaq.  İnanın ki, kənddəki evimin hər kərpicində əlimin zəhməti olub… Kərpic də kəsmişəm, palçiq da qarışdırmışam, qış gunundə palçıqla suvaq da vurmuşam… Soyuqdan uşuyəndə, yorulanda gozlərim onunə bir səliqəli otaq gəlib… Mənim iş otaqım. Uşaqlıqdan topladı|ğım, qoruduğum, yazılarımın çap olunduqu qəzet-jurnalları səliqə ilə topladığım bir iş otağı… O otağa qovuşmaq istəyi qoluma quvvət verib, yorğunluğumu unutdurub…

Kənddəki həyətimdəki ağacların hamısını bircə-bircə özüm əkmişəm… Özumün susuz qalmasına razı olardım, ancaq o aqacların suyunu bircə gün də gecikdirməzdim… Ancaq neynəyim ki… Qismət deyilmiş… Evim hazır oldu… İlk maaşımla aldığım kitab şkafıma kitabları yerləşdirdim… Axır ki, kitablarım özlərini rahat hiss etdilər… Hər gecə uşaqlar yatandan sonra o kitablarla üzbəüz qaldım, tərcumə etdim…

Neynəyim ki, sanki Allah özu istəmədi ki bu xoşbəxtliyim uzun sursun… Heç vaxt şəhərdə yaşmaq arzusunda olmamışam. Öküz ilində, buğa bürcündə doğulmuşam. Həmişə torpaq çəkib məni. Qismətdən artıq yemək olmaz… Özüm könüllü gəlmədim şəhərə. Bir tərcüməçi kimi dəvət etdilər. Ancaq əgər bilsəydim ki, şəhərə gələndən sonra sevdiyim kitablarımı yərləşdirməyə yer tapmayacam, yaxud bilsəydim ki, kirayədə yaşadığım evləri dəyişdikcə o kitablarımı daşımaqdan yorulub “nə vaxt qismətim olacaq bir dağılmış xaraba ‘” deyərək o kitabları qonşuların uşaqlarına paylayacağam, heç gəlməzdim. Şeirlərimin, tərcumələrimin çap olunduğu qəzet-jurnalları neçə dəfə toplayıb evdən evə köçmək olar?

Əvvələr inanırdım ki, nə vaxtsa bir iş otağım olacaq. Daha o arzumun gerckələşəcəyinə də inanmıram… Gecələr sat 3-4 ə qədər tərcumə ilə məsğul oluram, səhərlər internet klubda o tərcumələrimi yazıram. Aldığım 5-10 manatı kirayə pulu uçun toplayıram. Son vaxtlar şeirlərimin dərdini çəkirdim… Şükür ki, şeirlerimin bir qismini kitaba yerləşdirə bildim. Bunun uçun, o kitabımın çapına köməklik gostərmiş Hacı İlqara, onun oğlu Hacı Fəridə minnətdaram… Şeirlərimi, tərcumələrimi bir sayta yerləşdirib onları üşüməyə qoymayan Cəmil Əsədova ömrum boyu minnətdaram… Uçuncu kitabımı çapa hazırlayan “Vektor” Elm Mərkəzinin rəhbəri proffesor, şair Elçin İsgəndərzadəyə minnətdaram…

Ola bilsin ki, həyatımın sonuna qədər Allah mənə bir balaca iş otaqi qismət etməyəcək. Ancaq pis olmuram. Nikbinəm… Nə yaxşı ki şeirlərimin bir isti ocağı var!… Duyğularım urəyimin bir hissəsidir… Nə yaxşi ki urəyimi üşüməyə qoymayan bir guşə var!

Sevil Gültən, 2008-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir