Open post

Hamlet İsaxanlı: “Yanğıdan doğan şeirlər”

Zərdabda anadan olmuşam. Əmək fəaliyyətinə də orada başlamışam. 2003-cü ildə gəlmişəm Bakıya. Necə? Bu haqda səbəbkar danışsa daha yaxşı olar. Beləliklə, söz Hamlet İsaxanlınındır.

“Bu yaxmlarda Zərdabdan bir məktub və bir dəftər aldım. Sevil Gültən, Sevil Məmmədqızı, Sevil Nuriyeva adları ilə imzalanmış 48 səhifəlik dəftərin üstündə “Tanrım, məni quş eylə!” sözləri yazılmışdı. Içində isə səliqəli xətlə yazılımş şeirlər vardı.Şerilər məni tutdu.

Keçir ömrüm vallah, röyalar kimi,
Eh, kim vurdu kor bəxtimə kilidi.
Ağlar qəlbim kim deyir ki, kiridi
Bir gün görəm qolum qanad kimidi-
Tanrım, məni quş eylə!

Şerilərdə ürəkağrıdan bir üzüntü vardı. Sanki qəfəsə salınmış bir quş göylər həsrətilə ağlayırdı, qəfəsə salınmış aslan nərə çəkirdi. Yaradıcılıq eşqi ilə döyünən, sevilmək və sevmək xoşbəxtliyindən aralı qalmış, amma ümidini üzməyən, gündəlik qayğıların adiliyindən, təkrarından bezmiş bir çılğınlıq hiss olunurdu bu şerilərdə.

Göylər qızıyam –
hava acıyam,
                  gözəllik möhtacıyam….
Bir güin soyunub atacağam paltarlarımı,
çıxarıb tullayacağam ayaqqabılarımı .
Qollarımı qanad kimi açacağam,
əvvəl havanı qucaqlayacağam,
sonra uçacağam.

Ailə səadəti uzun sürməyib. İki qızını tək böyüdür. Təklik, təkliyin döğurduğu zəhmət və məsuliyyət, zamanın başgicəlləndirici sürəti qarşısında nə edə bilərik? İstedad varsa, sözə, şeirə dönmək, xəyallarını və düşüncələrini özünə sirdaş etmək insanın qarşısında tək yoldur.

Cavan idim, tez qarıdım,
Bircə anamdan yarıdım.
Yüz yaşasam, qocalmazdım,
Qocaldım ev tikə-tikə.

Sevil xanımın şeriləri onun çox həssas və kövrək olduğunun sübutudur. O, acı küləklərdən qorunmaq istəyir. Zərif qəlbinə həmdəm axtarır:

…Bir çiçəyəm – köməksizəm,
qırma məni!
Əgər bacarsan, qoru məni,
Qoru məni acı küləklərdən,
yoldan ötənlərdən.
…Qoru məni yağışdan,
yaza çıxart məni qarlı qışdan.
…Bir çiçəyəm qırma məni,
əgər qırsan, atma məni,
köksündə gizlət məni.
Qəlbindəki məhəbbətlə
İsit məni, yaşat məni!

Xəbər göndərdim. Gəldi. Girişsiz, diplomatiyasız söhbətə başladı. Sürətlə danışırdı, gah tutulur, gah açılırdı. Şerin vurğunu olmaqla kifayətlənmir, poetik mühüt arzulayır. Məktubunda yazdığı kimi: “Balıq dəryada böyüyər, tale məni ğölməçəyə saldı”.
Görüşümüzdən bir neçə gün keçmiş daha üç dəftər göndərdi. İki şagird dəftərində şeirlər yazılmışdı. Birində isə Lord Bayrondan etdiyi sətri tərcümələr verilmişdi. Sonralar talenin dönüklüyümü, yoxsa Sevil xanımın həvəssizliyimi, onun ifasında Bayronun azərbaycancaya poetik tərcümələrinə gətirib çıxarmayıb.
Sevil xanımın şeirlərində bəzən hekayəçilik əlamətləri görünür, bəzi şeirləri mənsur şeirlərə də bənzəyir. Amma o, ancaq hisslərini yazır, qafiyə arxa planda qalır, şablondan qaçır və çox zaman da buna müyəssər olur.

Hər gün günəş gizlənəndə,
bağlara qaranlıq çökəndə
kövrəlir bu ağac-
Bəxtindən gileylənir bu ağac.
Bu ağac bezib
bir yerə yapışıb qalmaqdan,
bezib həmişə eyni otlara baxmaqdan.
Bezib sevincini, kədərini içində saxlamaqdan.
Bu ağac yerimək istəyir,
bu ağac gəzmək istəyir.

Təbiətlə, onun müxtəlif təzahürləri ilə insan taleyi arasında oxşarlıqlar həmişə şairlərin sevdiyi mövzu olub.

Builki qış
atamı aparmağa gəlmişdi
apardı, əbədi apardı.
Yağan yağış
evimizin divarlarına,
bacılarımın yanaqlarına
Atamızı hamımızdan az görmüş
kiçik qardaşımın gözlərinin içinə-
ürəyinə yağdı.

Sevgi hissi şairi heç vaxt tərk etmir. O, həmişə gözləyir, ümid edir:

… Sən məni sevsəydin,
sevsəydin, Allah,
Xoşbəxtlər xoşbəxti olardım bəlkə.
Hansına çatdım ki, arzularımın
Mənim arzularım ölür bələkdə.

Adətən cəmiyyətin davranış formaları fərdlərdən cəmiyyət içərisində öz hisslərini cilovlamağı tələb edir. Şeirdə isə müəllif açıq və səmimi ola bilir. (müəllif özü səmimidirsə … ) Şeirdə hisslər cilovlanmamış haldadır, təbiidir. Sevil xanım heç həyatda da öz hisslərini cilovlamağa xüsusi səy göstərmir. Şeirdə isə o, tam sərbəstdir, azadlığın dadını özü də duyur, oxucularına da çatdırır. Şeirləri qulaq üçün deyil, (bu azərbaycan şerinin böyük qisminə xasdır) ruha yönəlmişdir.

Azərbaycan xalqının böyük qisminin şeir yazdığı, peşəkar adlanan şairlərlə həvəskar adlanan şairlərin arasındakı fərqlərin az qala yoxa çıxdığı bir dövrdə həqiqətən istedadlı şairlərə, tutarlı fikirlə zərif formanı birləşdirə bilən şairlərə ehtiyac duyulur. Sevil xanımın şeirləri seviləcək, düşündürəcək, ağlada bilmək qüdrəti ilə yadda qalacaq, buna şübhəm yoxdur.

İstedadlı şairə Sevil xanım, Sevil Gültən insana, təbiətə, şeirə vurğundur. Bu vurğunluğun və talenin qaladığı yanğının yeni gözəl şeirlər doğurmasını arzulayıram.”

1 fevral 2003-cü il. “Xəzər-Xəbər” jurnalı

Open post
sevil gultənin ayxan ayvaza cavabı

Ayxan Ayvazın tərcüməçilər haqda yazdığı məqaləsinə cavab

Əvvəla Ayxan Ayvaza minnətdarlığımı bildirirəm. Ən azı yazdığı məqalə ilə bizdə tərcümə tənqidi sahəsində boşluğun olduğunu qabartdığı üçün. Tərcüməçilik çətin sənətdir, çoxlarının təsəvvür etdiyindən də çətin. Tərcüməçilik kipriyinlə daş qaldırmağa bərabərdir. Dini, dili fərqli, tamamilə başqa təfəkkürlü bir yazıçının əsərini ana dilimizə tərcümə etmək çox çətindir. Əsas da ingilis dilindən və rus dilindən əsərləri bizim diliə tərcümə etmək 20 otaqlı bir villadakı ev əşyalarını kiçik, dar, birotaqlı mənzilə yerləşdirmək kimi bir şeydir. Mən azərbaycanlıyam, ana dilimi sevirəm, hörmət edirəm, amma bizim dil zəngin deyil. Ən azı ingilis dili və rus dili ilə heç müqayisə edilə bilməz. Adi bir misal çəkim. Bizim dildə işlənən “ əlavə” sözünün ingilis dilində ən azı 60 sinonimi var. Əgər kitaba əlavə edilirsə başqa söz, tikiliyə əlavə edilirsə başqa söz, yeməyə nəsə əlavə edilirsə başqa söz işlənir. Yaxud “ əsmək” sözü. Ürək sevincdən əsirsə bir söz, qorxudan əsirsə fərqli söz işlənir. Azərbaycan dilindən ingilis dilinə tərcümə edərkən bu çətinliklərlə çox üzləşirəm.
Bizdə tərcümə tənqidi inkişaf etməyib. Yaxud bu sahənin inkişafına laqeyd yanaşırlar. Tərcümə edilmiş mətni tənqid etmək tərcüməçini tənqid etmək deyil. İstənilən bir tərcüməni tənqid etmək üçün ilk növbədə tərcümə olunmuş mətn orjinalla tutuşdurulmalıdır. Neçə il bundan əvvəl Paulo Coelhonun “ Alchemist” əsərinin tərcüməsi haqda “ Əlkimyagər” azərbaycan dilində: Misə çevrilmiş qızıl “ adlı məqalə yazdım.( Kitab Xəzər Universitetinin nəşriyyatında çap olunmuşdu). Təxmminən 4-5 səhifəlik məqaləni yazmaq üçün iki həftədən çox vaxt sərf etmişdim. Mən faktlar əsasında tərcümənin zəifliyini sübut etmişdim. Ayxan Ayvaz isə konkret faktlara istinad etmədən “filan tərcüməçi pisdir, filan tərcüməçi yaxşıdır” yazır. Belə tənqid olmur. Belə yazmaq həmin tərcüməçiləri təhqir etməkdir. Ayxanın məqaləsində işlətdiyi “ Biabırçı tərcüməçilərimiz” ifadəsinin özü yanlışdır. “ Biabırçı” tərcümə ola bilər, amma tərcüməçi sözünün qarşısında bu sözün təyin kimi işlənməsi düzgün deyil. Ən azı məqalənin çap olunduğu saytın redaktoru bu səhvi düzəltməliydi.
Tərcümə kollektiv işdir. Tərcümə redaktorun, korrektorun, lazım gələrsə elmi redaktorun yaxud texniki redaktorun birgə əməyinin məhsuludur. Tərcüməçinin yazıçılıq qabiliyyətinin olması tərcümənin keyfiyyətinə müsbət təsir edir, amma hər bir tərcüməçinin yazıçı olması vacib şərt deyil. Tərcüməçi orjinal dildən mətni tərcümə edir. Müəllifin fikrini çatdırır. Redaktor o fikri istədiyi yolla ifadə edə bilər. Tərcüməçinin 10 sözdən ibarət cümləsini redaktor 2 sözlə də əvəz edə bilər. 400- 500 səhifəlik bir kitabda bir neçə cümlənin zəif tərcümə olunması o tərcümənin keyfiyyətsiz olması deyil. Lap 50 cümlə də zəif ola bilər. Bu da keyfiyyətsiz tərcümə hesab olunmur. Əgər dalbadal ən azı 10 səhifədə heç nə anlaşılmırsa ona pis tərcümə demək olar.
Ayxan sovet dövrünün tərcümələrinin yaxşı olduğunu qeyd edir. Qətiyyən elə deyil. İnternet olmayan dövrdə tərcümələr heç də indiki kimi keyfiyyətli ola bilməz. Şəxsən mən Harper Lee-nin əsərlərini ( cəmi iki əsəri var. Mən hər iki əsəri tərcümə etmişəm) internet olmadan keyfiyyətli tərcümə edə bilməzdim. O kitablarda elə çətin ifadələr var ki, onları heç bir lüğətdə tapmaq mümkün deyil. Harper Lee-nin “ To kill a mockingbird” kitabı sovet dövründə də tərcümə olunub, mən həmin tərcümə haqda tənqidi fikirlərimi yazmışam. Kim istəsə linki yollaya bilərəm.
Və onu da bildirim ki, sovet dövründə tərcüməyə yüksək qanorar verilirdi.
“ Dünya” tərcümə almanaxında mənim iki səhifəlik tərcümə hekayəm çap olunub- 1985- ci ildə. Təxminən 5 min işarəlik o tərcüməyə görə o vaxtlar 280 manat qanorar almışdım. İndi isə o qədər işarə sayında olan tərcümə üçün mən uzaqbaşı 20 manat qanorar alaram.
Ayxanın tənqid etdiyi və təriflədiyi o tərcüməçilərin hamısı sovet dövründə təhsil alanlardır. O vaxtlar heç bir ali təhsil ocağında tərcümə fakültəsi yox idi. İndi isə neçə universitetdə tərcümə fakultəsi var və bəzi universitetlərdə çox təcrübəli müəllimlər tədris edir tərcümə dərslərini. Yaxşı, bəs hanı cavan tərcüməçilərimiz? Əgər bu sənət belə asandırsa niyə ömrünü bu sənətə sərf etmək istəyən cavanlarımız yoxdur?
Hansısa tərcüməçiyə “ biabırçıdır” demək onu təhqir etmək, onu aşağılamaqdır. Konkret faktlar gətirmədən kimlərisə tərifləmək də haqsızlıqdır. Tərcümə haqda məqalə yazmaq istəyən şəxs ən azı bir ay vaxt sərf etməli, müxtəlif tərcüməçilərin tərcümə etdikləri mətnlə tanış olmalıdır. Bu vaxtacan ingilis dilindən azərbaycan dilinə ən azı 60 kitab tərcümə etmişəm və 50 kitaba yerləşə bilən hekayələr. Niyə o məqalədə mənim tərcümələrim haqda bir cümləlik də olsa fikir yoxdur? Zamiq Abdullayev demişkən, yoxsa tənqidi də mənə çox görürsünüz? Tərcümlərim haqda haqlı tənqidlər yazılsa buna yalnız sevinərdim.
Tərcüməçilik çətindir, yuxarıda da qeyd etdim. Mən, 1978-ci ildən tərcümə ilə məşğul olan insan bu gün 5 saata cəmi 3 səhifə tərcümə etmişəm. Əslində çətin kitab deyil. Sadəcə elə sözlər var ki, o sözlərin qarşılığını tapmaq çətindir. Google-da axtarışlara çox vaxt sərf edirəm. Dilimizdə qarşılığını tapa bilmədiyim sözlərin bir neçəsini yaşlı nəsli tənqid edən cavanlara ünvanlayıram. Bəlkə onlar vaxtlarını daha faydalı işə sərf edib dilimizdə yeni söz yaradalar. “ Messenger dog” – bu sözün bizim dildə qarşlığı varmı?” Poçt göyərçinləri “ ifadəsi var, “messenger dog” isə həm sənədləri, həm də lazım olanda yemək yaxud başqa əşyaları da deyilən ünvana çatdırır. Mən “ kuryer it” yazdım. Kuryer sözü bizim söz deyil. Yaxud “ steadfast” sözü “ sabit, mövqeyini dəyişməyən” mənasında işlənib. Çətinlik ondadır ki, mətndə bu söz insana aid deyil, heyvana aidir. Buyurun, cavanlar, hansı sözü işlədərdiniz? “ Sabit it? Yaxud ingilis dilində “ some shoes” ifadəsini necə tərcümə edərdiniz? “ Bir neçə ayaqqabı?” Hətta indi 10 yaşlı uşaq da “ some shoes” ifadəsindəki hər iki sözün mənasını bilir. Amma bu iki söz yanaşı işlənəndə fərqli məna kəsb edir. Yaxud “ yarmulke” sözü.Yəhudilərin başına qoyduğu papaq. Fəsə bənzər baş geyimi. Bu bir neçə sözün tərcüməsinə təxminən bir saat vaxt sərf etdim. İndi bildinizmi tərcüməçilik necə çətin bir sənətdir? İnsanın nə qədər vaxtını alır?
Ayxan Ayvaz bizdə nəşriyyat olmadığını qeyd edir, nəşriyyatların yalnız mətbəə funksiyasını yerinə yetirdiyini deyir. İnsaf da yaxşı şeydir. “ Qanun” nəşriyyatından hər ay ən azı 50- 60 nəfər maaş alır. Və bu maaşı dövlət vermir. Bu maaş kitab satışından əldə edilir.
Ayxan bir neçə tərcüməçinin adını yaxşı tərcüməçilər sırasında çəkir, onların keyfiyyətli əsər tərcümə etməsində Tərcümə mərkəzinin dəstəyi olduğunu qeyd edir. Tərcümə mərkəzi heç kimə tərcüməçilik öyrətmir. Tərcüməçilik vicdan məsələsidir. Hər bir şəxs öz xarakterini sənətinə gətirir. Həyatda yalançı olan insan tərcüməçi olarsa hansısa sözün mənasını tapmayanda yalandan söz uydurub o sözü əvəz edəcək. Tərcümə Mərkəzinin açıldığı vaxtdan neçə il keçib. Hanı bu mərkəzinin tərtib etdiyi lüğətlər? Hanı frazeoloji birləşmə lüğətləri? Varmı? Keçən il kitab sərgisində maraqlandım, rast gəlmədim. Tərcümə etdiyim hər kitabdan sonra frazeoloji birləşmələrdən ibarət 40-50 səhifəlk bir lüğət tərtib edə bilərəm, əgər dəstək duran olsa. Tərcümə mərkəzinə müraciət etsəm də müsbət cavab almamışam.
Sonda Ayxan Ayvazın yaxşı tərcüməçilər sırasında adını çəkdiyi Etimad Başkeçidin tərcümə etdiyi bir hekayə haqda fikirlərimi qeyd edəcəm. Onu deyim ki, Etimada həm bir qələm əhli, həm də tərcüməçi kimi hörmətim var. Adı”yaxşı tərcüməçilər” siyshısında olduğu üçün google-dan onun bir tərcüməsini tapıb orjinalla tutuşdurdum. Heç şübhəsiz, o rus dilindən tərcümə edib, mən isə orjinalla dillə tutuşdurdum. James Joycenin “ Evelin” hekayəsi.
1. Mətndə ilk cümlədə “ o”əvəzliyini işlədib. Bizim dildə “o” həm kişi, həm qadın, həm də orta cinsə aiddir. İngilis dilində “ she” işlənibsə nə yolla olursa olsun onun qadın olduğunu nəzərə çarpdımaq lazım idi. Bu mətndə “ Evelin” yazılmalıydı “ o” yerinə
2. Küçədə axşamın necə düşdüyünü seyr edirdi- bizim dildə yaxşı səslənmir.
3. Öz evinə tərəf gedirdi- Öz-ə ehtiyac yoxdur.
4. Kömür külü- düzgün ifadə deyil
5. Xırçıldayan addım səsləri eşidirdi- küldə yeriyəndə xırçıltı səsi eşidilmir. Adətən qarın üstündə yeriyəndə belə səs çıxır.
6. Belfastdan olan birisi- Belfastdan olan bir nəfər
7. On doqqus yaşını arxada qoymasına baxmayaraq- On doqquz yaşı tamam olmasına baxmayaraq
8. Atasından geri pul almaq- Pulu atasından geri almaq
9. Əlindəki çantaların ağırlığından- Bazarlıq torbası , yaxud zənbil
10. Qanışirin- suyuşirin
11. Bütün günü xəstə yatarkən
12. Lənətə gəlmiş italyanlar! Hər yeri doldurublar! – hər yeri tutublar, yaxud hər yerə doluşublar
13. Gəminin qara gövdəsini- Gəmiyə aid olarkən “ gövdə” sözü işlənməz
14. Ehtiraslı dualar
15. Dünyanın bütün dənizləri onun ürəyində qovuşdu- Orjinalda “ qovuşdu” sözü yox, bu sözün antonimi işlənib
16. O hasarın dəmir barmaqlığından yapışmışdı- burda hasardan söhbət getmir. Gəminin sürahisi, yaxud məhəccəri. Hasar – çəpər mənasını verir.
17. Etiraf nişanəsi- mətndə “ etiraf” sözü yoxdur

Qeyd etdyim nöqsanların çoxu redaktə səhvidir. Tərcüməçinin səhvi “ anqar” sözünü gəmiyə aid işlətməsidir. Orjinalda “Through the wide doors of the sheds she caught a glimpse of the black mass of the boat, lying in beside the quay wall”. Bu cümlədə anqar sözü işlənməyib. Tərcüməçi gəmilərin anqarda saxlanmadığını bilməliydi.
anqar : [fr.] Təyyarələrin saxlanması və cari təmiri üçün xüsusi tikili. Anqarlar istifadəsinə görə daimi, müvəqqəti və yığılıb-sökülən ola bilər.

24 may, 2020

Open post
sovet dovru gultən sevil

Bu yazımda yaddaşımda qalan sovet dövründən yazmışam

Uşaqlıq və gənclik illərim sovet dövrünə təsadüf edir. Bu yazımda yaddaşımda qalan sovet dövründən yazmışam. Heç bir yerdə çap olunmayıb.
Sovet kəndi uşaq yaddaşında
Bu yaxınlarda poçta getmişdim- telefon borcumuzu ödəməyə. Poçtda xüsüsi geyimdə olan poçtalyon gördüm. Bircə anlığa keçmişə, uşaqlıq illərimə qayıtdım. Kəndimizin poçtalyonunu, o qoca, çopur kişini xatırladım. Uşaqlığımla bağlı xatirələrin çoxusu uçub qonaq gəldi mənə. Mənə rahatlıq vermədi. Uzaq uşaqlıq illərimin yaddaşıma hopub qalmış anları, saatları bircə-bircə gözüm önündən gəlib keçdi. O illərin sovet kəndini bu günün uşaqlarına tanıtmaq, o illərin uşaqlarına bir daha xatırlatmağı qərara aldım. Həmin illərdən 30-40 ilə yaxın bir müddət keçib. Elə də çox vaxt deyil. Amma o vaxtdan bəri çox dəyişikliklər baş verib. O illərin kəndi mənim yaddaşıma necə hopub qalıbsa eləcə də vərəqə köçürürəm…
“ Sovet kəndi”
Gözlərim önünə poçtalyonun taxta darvazadan həyətimizə tulladığı qəzetlər gəlir. Əvvəllər, taxta qapımızın üstündə poçt quutusu olmamışdan əvvəl poçtalyon qəzetləri həyətimizə tullayardı. Qutu qoyulandan sonra isə qutuya qoymağa başladı. Amma qutuya baxmaq heç kəsin yadına düşmədiyindən qəzetlər orada günlərlə qalardı. Ona görə də poçtalyon qəzetləri elə əvəllki kimi həyətə tullayardı. Çox qəzet olmazdı. “ Kommunist”, “ Sovet kəndi”, “Azərbaycan gəncləri”,
“ Pioner ” qəzeti… Adətən o biri qəzetlər “ Kommunist “ qəzetinin arasında olardı. Nə qədər istəsəm də “ Sovet kəndi” qəzetinə bükülmüş “ Kommunist” i gözlərim önünə gətirə bilmirəm. Sanki bu, bir qayda idi. Yazılmamış qanun. “ Sovet kəndi” “ Kommunist”-in arasında olmalıydı. Mənə ən doğma olan qəzet “ Azərbaycan gəncləri” qəzeti idi. Həmin qəzetdə hansısa cavan şairə “ Uğurlu yol” yazılardı.
Maraqlı hekayələr olardı. “
“ Sovet kəndi” qəzeti də xoşuma gəlmirdı. Pambıq alağını edən kolxozçuların şəkilləri, pambıq sezonunda isə əllərində pambıq, bellərinə önlük bağlamış kolxozçuların şəkilləri, onlar haqqında məqalələr olardı. Yaxşı işləyən, daha çox pambıq yığanlar barəsində oçerklər yazılardı. Haqqında oçerk yazılanlar ya manqabaşçıları, ya da qurultay nümayəndələri olardı. Televizorda çıxış edənlərin də çoxu elə haqqında məqalə yazılanlar idi.
Televizor
Evimizdə balaca bir televizor vardı. O illərdə hər adamın evində televizor olmazdı. Tək-tük adamların evində televizor vardı. Uzun qış gecələrində televizoru olmayan qonşular televizoru olan qonşuların evinə gələrdilər. Əslində televizor bəhanəydi. Bizə də qonşular gələrdi. Amma televizora baxmaqdan daha çox söhbət edərdilər. Televizorlar ağ-qara idi. Yadıma düşür ki, bir dəfə atam rəngli bir plyonka gətirdi. Dəqiq yadımda deyil, deyəsən həmin rəngli plyonkanı televizorun ekranının üstünə yapışdırırdılar, onda televizor rəngli göstərirdi. Bircə kanal vardı. Bəlkə də rus kanalları varmış. Amma bizim evdə yanlız bircə kanala baxardıq. O da indiki Az.Tv idi. Bəlkə də elə belə yaxşıymış. Ailənin bütün üzvləri eyni verilişə, eyni kinoya baxardı. Ayrı-seçkilik yox idi. Yaxşı kinoları çox gec verərdilər. Biz uşaqlar yatmayıb kinonun vaxtını gözləyərdik. Ata-anamız gileynərdi. Cəmi iki otağımız var idi. Ailədə yeddi uşaq idik. Eyni otaqda yatardıq. O biri qonaq otağı idi. Evin ən qiymətli, gözəgəlimli əşyaları orda olardı. Hamımız bir otaqda yatdığımıza görə valideynlərimiz işıqları söndürərdilər. Biz uşaqlar isə kinonun vaxtına qədər nöyüt lampasının işığında ya dərslərimizi təkrarlayardıq, ya da əlavə kitablar oxuyardıq. Məktəb bizim üçün bir müqəddəs yer idi.
Məktəb
Əgər desəm ki, gözümü açıb evimizdə kitab görmüşəm, bu, yalan olar. Yox. Mən ağlım kəsəndən həyətimizdə ketmən, darvazamızın çölündə isə atamın şum traktorunu görmüşəm. Evimizdə olan kitablar yalnız məndən yuxarı sinifdə oxuyan qardaş-bacımın kitabları idi. Onların kitabları pəncərənin qabağında üst-üstə yığılardı. Belə demək mümkünsə pəncərənin qabağı, təxminən bir metrlik balaca bir yer, biz uşaqların “ kabinet”i idi. Məktəbə aid nə vardısa orda olardı. Evə verilən tapşırıqları da elə pəncərənin qabağında yazardıq. İri bir yastıq stulu əvəz edərdi. Stul olsa da onun üstündə oturub yazmaq mümkün deyildi. Gərək ikiqat olaydıq. Ən yaxşısı yastıq idi. Məktəb düz evimizin qarşısında idi. Dördillik məktəb. Darvazamızı açanda ilk gördüyümüz bina həmin məktəb idi. Divarları həmişə əhənglə ağardılımış olardı. Deyilənə görə, həmin bina lap əvvəllər bir bəyə məxsus imiş. Sovet hökuməti qurulandan sonra həmin binanı sahibinin əlindən alıb hökumətə veriblər. O binanın başqa binalardan bir böyük fərqi vardı. Belə ki, kənddə tikilmiş bütün evlərin üzü demək olar ki, eyni istiqamətdə idi. Amma həmin bina isə əksinə, tərsinə idi. Arxası Kür tərəfə. Bina ikiotaqlı idi. Artırması vardı. Sonralar həmin artırmanın baş tərəfində balaca bir otaq da tikdilər. Həmin balaca otaq müəllimlər otağı idi. Balaca, taxta pilləkənlə çıxardıq məktəbin atrırmasına. Ikinövbəli idi. Adətən yuxarı sinif şagirdləri ( 3-cü və 4-cü sinif şagirdləri) birinci növbədə oxuyardılar. Məktəbin həyətində qamışdan çəpər vardı. Həmin çəpəri də elə müəllimlərin özü çəkərdi. Hətta qamışı da biz şagirdlər gətirərdik. Yadımda deyil, neçənci sinifdə oxuyurduq. Məktəbimizin direktoru, həm də rus dilindən dərs deyən Şükür müəllim ( Allah ona rəhmət eləsin!) bizə tapşırmışdı ki, hərəmiz bir qom qamış gətirək. O da yadımdadır ki, qamışı məktəbə biz özümüz gətirdik. Şükür müəllim qamış gətirənləri təriflədi. Şahin adlı bir oğlan qamış gətirməmişdi. Şükür müəllim bir karton qutusu karamel konfeti gətirdi sinfə. Kim qamış gətirmişdisə ona bir ovuc konfet verdi, Şahinə konfet vermədi. Bir də böyüyəndən sonra başa düşdüm ki, belə etmək pedaqogikanın qaydalarına ziddir. Dərslərdə milçək uçsaydı səsi eşidilərdi. Dərsə gecikən küncdə saxlanardı. Bizə xəbardarlıq edirdilər ki, dərsimizi yaxşı oxumasaq sinifdə qalacağıq. Uşaq vaxtı elə bilirdim ki, sinifdə qalmaq sözün həqiqi mənasında sinifdə qalmaqdır, evə getməməkdir. Məktəbin artırmasında bir dəmir zəng var idi. Tənəffüsə az qalmış müəllim bir uşağı göndərərdi ki, gedib zəngi vursun. Həmin şagird də çəkiclə, yaxud daşla zəngi vurardı. Balaca tənəfüss olanda adətən heç kəs heç nə yeməzdi. Elə ki, böyük tənəffüs oldu, uşaqların çoxunun əlində çörək olardı. Çörəyin arasında çox vaxtı şor olardı. Bəzi uşaqlar isə çörəyin arasına mürəbbə qoyub gətirirdilər. Çörəyini yeyib qurtaran uşaq məktəbin yanından axan balaca arxda gedib əllərini yuyar, susamışdısa hətta arxdan su da içərdı. Indi fikirləşəndə öz –özümə deyirəm ki, bəlkə o illərin uşaqlarının immuniteti elə bu yolla möhkəmlənib. Müəllimlər nadinc uşaqları döyərdilər. Məktəbin həyətində söyüd ağacları vardı. Elə müəllim vardı ki, sinfə girəndə özüylə nazik söyüd çubuğu gətirərdi . Bəzi müəllimlər isə dərs prosesində şagirdlərdən birini həyətə göndərərdi ki, çubuq qırıb gətirsin. Dərs ilinin əvvəlində sinif nümayəndəsi və təmizkom seçilərdi. Növbətçilər olardı. Növbətçilərin vəzifəsi tənəffüsdə uşaqları həyətə çıxarmaq, otağın havasını dəyişmək, sinif otağının qapısı ağzında durub həyətdə ora-bura qaçışan uşaqlara nəzarət etmək idi. Bir hadisə baş verəndə müəllimlər otağına gedib müəllimə xəbər verərdilər. Müəllimin stolunun üstünə qırmızı çit parça salınardı. Həmin parçanı və yazı taxtasının bir tərəfindəki mismardan asılmış məhrəbanı növbə ilə aparıb yuyuradılar. Müəllimlər otağı biz şagirdlər üçün sehrli idi. Ora girmək hər adama qismət olmazdı. Hərdən təbaşir gətirmək üçün müəllim şagirdlərdən birini müəllimlər otağına yollayardı. Bu da hər şagirdə qismət olmazdı. O vaxtlar yazını mürəkkəblə yazardıq. Hər birimizin mürəkkəbqabımız vardı. Balaca torba tikib ora qoyardıq mürəkkəb qabını. Pero ilə yazardıq. Vay o günə ki, ev tapşırığını yazanda dəftərə mürəkkəb ləkəsi düşəydi… Sinif işi yazmazdan əvvəl çox hazırlaşardıq. Həmin gün dərsə gəlməyən uşaq yazı işini yazmazdı. Indi isə yazı işi yazılan gün dərsə gəlməyən uşağa başqa şagirdin dəftərini verirlər ki, köçürtsün. Belə halda o uşaqda hansı məsuliyyət hissi olacaq? Bizə məsuliyyətli olmağı beləcə aşılayardılar. 45 dəqiqə müddətində yazı işi yazılıb qurtarmalıydı. Hər rübün sonunda bizə “ vəsiqə” – qiymət cədvəli verilərdi. Vəsiqədə davranışa görə də qiymət verilməliydi- əla, kafi, qeyri-kafi. Adətən çox uşaqların davranışına “ əla” yazılardı. Davranışdan “ qeyri-kafi” almaq sinifdə qalmağa bərabər idi. Rübün sonunda müəllim bizi ekskursiyaya aparırdı. Ən çox da kəndimizin kənarında yerləşən hava idarəsinə gedərdik. Ekskursiyadan gələndən sonra yolda nə görmüşdüksə hamısını yazmalıydıq. Biz də yol boyu nə görürdüksə zarafatla deyirdik ki “ adın düşdü dəftərə”…Valideynlər iclası olardı. İclasa bir qayda olaraq analar gedərdi. Şagird haqqında bütün məlumat valideynə deyilərdi.
Hər gün ikinci növbədə dərslər qurtarandan sonra xadimə ( məktəbi süpürən qadın derektorun arvadı idi ) sinif otaqlarını süpürüdü. Dediyim kimi, məktəb evimizin yanında olduğuna görə otaqları süpürərkən onun necə deyinməsini çəpərin o biri başından eşidərdik. Yağışlı günlərdə o daha çox deyinərdi. Əlinə bir dəmir alıb taxtaya yapışmış palçığı qazıyardı. Otaqları süpürəndən sonra toz-torpağı məktəbin çəpərindən çölə tökərdi. Yadıma düşür ki, ikinci yaxud üçüncü sinifdə oxuyanda gedib onun tökdüyü toz-torpağın içini eşələyirdik. Toz-torpağın içindən təbaşir tapanda sevincimiz yerə-göyə sığmazdı. Təbaşir yalnız məktəbdə olardı. Tozun içindən tapdığımız tabaşirlə “ klas” çəkib oynayardıq. Təbaşir olmayanda isə kömürlə çəkərdik.
Bu, dördillik məktəbdə olanlar idi. İbtidai məktəbi bitirib rayon mərkəzinə getdik. Çox da uzaq deyildi. Kənddə orta məktəb yox idi. Biz beşinci sinfi rayonda oxuduq. Sonra Kürün kənarındakı bir binanı məktəb halına saldılar. Oldu səkkizillik məktəb.
Rayona dərsə səhər tezdən gedirdik. Biz evdən çıxanda qaranlıq olardı. Bütün kəndin uşaqlar demək olar ki, eyni vaxtda yola çıxıb rayona sarı yola düzülərdik. Dərsə gecikməzdik. Yolda itlər çıxardı yolumuza. Itlərin cavabını özümüz verərdik. Daha hər xırda şey üçün valideynlərimizi narahat etməzdik. Məktəb paltarımızı canımız qədər çox istəyərdik. Qalstukumuz hər gün ütülənməliydi. Hələ elektrik ütüləri kəndə gəlib çatmamışdı. Daş ütüylə ütüləyərdik. Saçlarımız hörülməliydi. Nə qədər düşünsəm də saçını açıq qoyub dərsə gələn qız uşağını yadıma sala bilmirəm. Saçımıza bant vurardıq. Adətən ağ rəngdə. Qadın müəllimələrin çoxu yayda yüngül yaylıqla, qışda isə yun şalla başlarını bağlayardılar. Bir sözlə, məktəb bizim üçün bir müqəddəs yer idi. Bəs məktəbdən sonra nə edərdik?
Zəhmət… Məktəbli kolxozçular…
Qışı xoşlayırdım. Çünki qış günlərində məktəbdən evə gələndə anamı evdə görərdim. Palazın üstünə süfrə salardı, qazanı süfrənin bir kənarına qoyub bircə-bircə payımızı çəkərdı. Amma payız və yaz aylarında belə olmazdı. Yazda, payızda məktəbdən evə qayıdıb yeməyi özümüz qızdırardıq. Anamız pambıq sahəsində olardı. Ya nöyüt maşınkasında ya da ocaqda anamızın səhər tezdən bişirib qoyduğu yeməyi isidərdik. Sonra isə biz də pambıq sahəsinə yollanardıq. Elə il olurdu ki, pambıq kəndimizin kənarında əkilirdi. Belə olanda sevinərdik. Elə illər olurdu ki, pambıq kənddən uzaqda əkilirdi. Kolxozçular səhər tezdən yük maşınlarına minib bir də axşamüstü qayıdardılıar. Pambıq yığılan vaxtı isə daha gec gələrdilər. ( indi şəhərdə hər səhər zibil daşıyan yük maşınları mənə o illəri yada salır)
Əgər pambıq sahəsi kəndin kənarında idisə, onda biz uşaqlar da dərsdən gəlib yeməyimizi yeyəndən sonra anamızın yanına gedərdik. Demək olar ki, elə birinci sinfə getdiyimiz vaxtlardan bu adət halını almışdı. Biz də balaca kolxozçular idik. Yaz vaxtı təzəcə torpaq altından çıxan pambıqları seyrəldərdik. Pambıqlar bir az böyüyəndən sonra isə onların dibini boşaldardıq, alaq edərdik. Ketməni götürməyə gücümüz çatmasa da xırda alaqları əlimizlə dartıb çıxarardıq. Ya da pambıq sahəsinin kənarından salmanca, zılx, ( ispanağa oxşar bitki), göbələk, qanqal yığardıq. Biz də evimizə bu cür qazanc gətirərdik. Yulğunun yaşıl hissəsini sıyırardıq, yalnız aşağı hissəsində bir az saxlayardıq, tapdığımız göbələkləri həmin çubuğa keçirərdik. Sevinc nə olduğunu bilərdk. Saatlarla gəzib göbələk axtarardıq. Elə olurdu ki, göbələk topasına rast gələrdik. Balaca, yumma göbələkləri görəndə sevincimizin həddi-hüdüdu olmurdu. Yolüstü yemlik, keçisaqqalı yığardıq. Yemliyin çoxunu elə yoldaca yeyərdik. Evə gələndə ağzımızın qırağı yamyaşıl olardı. Yox, biz o yemlikləri yumazdıq. Yerdən çıxarıb kökünün torpağını çırpardıq, sonra yeyərdik. Pambıq sahəsinin kənarında süpürgə bitərdi. Süpürgələr mavı çiçək açanda artıq onların yığılmaq vaxtı olardı. Həmin süpürgələri yığıb gətirərdik, onlarla həyət-bacanı süpürərdik. Evi süpürmək üçün isə qarğı-qamışların “ çıçəklərini” ni toplayardıq. Qamışlardan topladıqlarımıza bilmirəm nədənsə “ piləkən” deyirlər.
Payız vaxtı isə biz də analarımızla birgə pambıq yığardıq. Anamız kolxozdan verilmiş iri önlükləri bir az daraldıb bizim üçün də önlük düzəldərdi. Həmin önlükləri belimizə bağlayıb biz də pambıq yığardıq. Önlüyümüz pambıqla dolanda belimizi ağrıdardı. Əsas odur ki, yorulmaq nə olduğunu bilərdik. Bilirdik ki, möhkəm susamaq nə deməkdir. Bilirdik ki, möhkəm acmaq nə deməkdir. Su, içinə pambıq yığdığımız iri xaralların, meşokların yanında olardı. Adətən rezin qablarda, ya da çaydanda su gətirərdik. Anamız suyu xaralın kölgəsində gizlədərdi ki, su çox qızmasın. Amma bəzən su qızırdı. Buna baxmayaraq biz o suyu elə acgözlüklə içərdik ki… Acanda isə boş xaralı yaxud meşoku torpağın üstünə sərib, evdən gətirdiyimiz balaca süfrəni açıb, anamızın zənbilində olandan süfrəyə qoyub yeyərdk. Şorla çörəyi elə yeyərdik ki, sanki bal yeyirdik. Elə olub ki, həmin xaralların üstündə yatmışıq. Bəlkə də ömrümüzün ən şirin yuxusu o illərdə olub. İri pambıq kolunun kölgəsində, torpağın üstünə sərilimiş meşokun üstündə, başımızı xarala söykəyib elə şirin –şirin yatardıq ki… Yığılmış pambıqları aparmağa gələn yük maşınlarının səsi bizi oyadana qədər yatardıq. Bununla belə evə gələndən sonra dərslərimizi də oxuyardıq, gedib Kürdən su gətirərdik. Amma o illərdə yükün ağırlığı ən çox anaların boynuna düşərdi…
Sovet kəndinin “analar”ı
O illərin kəndi indikindən çox fərqlidir. Qaz yox idi. ( bizim kənddə indi qaz var) Camaat hələ təzəcə balon qazından istifadə edirdi. Bir balon qaz 3 manata idi. Əgər səhərdən axşamacan işlədilsəydi yəqin ki, bir günə bəs edərdi. Ona görə də qazdan israfla istifadə edərlilər. Həyətlərə su çəkilməmişdi. Qadınlar suyu güyümlə, vedrəylə Kürdən gətirirdilər. Yadımdadır ki, anam çox yorulanda belə deyirdi: “Bu gün 10 güyüm əli vedrəli su gətirmişəm. “ Yəni, belində güyüm, əlində vedrə. Paltaryuyan maşın çox sonralar kəndə ayaq açdı. Əgər nəzərə alsaq ki, qadınlar kolxozun əsas aparıcı qüvvələri idi, onda o dövrün qadınlarının nə qədər ağır yük altında olduğu aydın olar. Hər səhər tezdən, hava açılandan Kürə su gətirməyə gedərdilər. Səhər tezdən gətirilən suyu daşa tökərdilər ki, çay qaynatmağa, nehrəyə tökməyə, yemək bişirərkən istifadə etməyə təmiz su olsun. Hər ailədə ən azı 4-5 uşaq olardı. Bütöv bir ailəyə lazım olan suyu daşımaq asan deyil. Suyu daşıyıb iri çəlləklərə tökərdilər. Ən çətini qış aylarında su daşımaq idi. Buzun üstündə sürüşə-sürüşə çiyinə aşırılımış dolu güyümlə yerimək çətin idi. Səhər tezdən inəyi, camışı sağmaq, südü bişirmək… Hamısı anaların öhdəsində idi. Günlərlə yığdıqları qatığı nehrəyə töküb çalxalamaq… Bütün bu işlərin hamısı ən azı səhər saat səkkizə qədər görülməli idi. Sonra isə kolxoz işi… Əgər pambıq sahəsi kəndin yaxınlığında idisə bir az toxtaqlıq tapırdıllar. Hər işi tələsə-tələsə etmirdilər. Amma o illərdə ki, pambıq sahəsi kənddən uzaqda idi və ora maşınla gedirdilər, onların işi çətin olurdu. Kolxozçuları aparmağa gələn yük maşını kəndin küçələrində siqnal verəndə, at belində kəndi dolanan briqadir uca səslə : “ tez olun, tez olun, maşın gedir” deyəndə artıq onlar evlərinin kənarında olmalıydılar ki, maşına minsinlər. Elə olub ki, səhər tezdən yuxudan durub bütün işini görüb qurtaran anam süfrə başına oturub bir stəkan çay içmək istəyəndə kolxozçuları sahəyə aparan yük maşınının siqnalını eşıdıb çay belə içmədən zənbilini götürüb küçəyə yüyürüb. Səhərdən axşamacan gün altında alaq edən, pambıq yığan analar evə gələndən sonra da istirahət nə olduğunu bilmirdilər. Yenə də mal-qara. Su daşımaq…Həftədə ən azı iki-üç dəfə çörək bişirmək. Yadıma düşür ki, axşamüstü pambıqdan gələn anam xəmir yoğurardı, neçə saatdan sonra acıyan xəmiri kündəliyib təndiri odlamağa gedəndə bəzən gecə saat 12 olurdu. Hərdən elə olurdu ki, unun keyfiyyətinə görəmi yaxud xəmir yaxşı acımadığına görə çörəklər küt gedərdi. Yəni, təndirin divarına yapışdırılmış çörəklər o dəqiqə də təndirin içinə düşərdi. Onu isə yalnız itə verərdik. Bəzən isə çörək bişənə yaxın çörəyin arxası təndirdə qalardı, içi isə düşərdi. Belə olanda biz uşaqlar bir az sevinərdik. Çünki təndirin divarına yapışıb qalmış qazmağı biz uşaqlar yeyərdik. Çörək beləcə “ töküləndə” yəni, küt gedəndə demək olar ki, anam gecəni yatmazdı. Təzədən xəmir yoğurardı və səhər tezdən işə gedənə qədər çörəyi bişirərdi. Hələ həyətdəki əlavə işləri də bura əlavə etsək, onda o illərdə qadınların nə qədər əziyyət çəkdiyi bilinər. Həyətdə tərəvəz- xiyar, pomidor, badımcan, lobya, noxud, soğan əkib- becəməyin də çətinliyi anaların üstünə düşürdü. Soğanı alaqdan təmizləmək, pomidor şitillərinin dibini boşaltmaq, qayğı sevən xiyarı bitirib axıra çatdırmaq zəhmət tələb edirdi. Düzdür, uşaqlar da bu işdə onlara kömək edirdilər. Kişilər isə yalnız əkin sahələrini sulamaqla kifayətlənərdilər.
Hələ paltar yumaq …İndiki kimi növbənöv paroşoklar yox idi. Bircə qəhvəyi rəngli paltar sabunu yadıma gəlir. Ocaqda iri mis qazanlarda su qızıdırılardı, paltar yuyulandan sonra iri, dəmir vannaya həmin yuyulmuş paltarları yığıb Kürə gedərdilər ki, paltarları orda soyuq su ilə yaxalasınlar. Kür daşanda, su lilli olanda anların işi çətinləşirdi. Gərək Kürdən çoxlu su gətirib zəyləyəydilər ki, durulsun. Yoxsa lilli sudan istifadə etmək mümkün deyildi. Bütün bu işləri görən qadının əgər körpə uşağı da vardısa …lap çətin. İşlərin çoxunu görərkən körpə uşağı bellərinə şəlləyərdilər. Körpə uşağı bellərinə qoyub iri bir şalla sarıyardılar. İnəyi sağarkən, toyuq-cücəyə dən səpəndə, hətta paltar yuyanda da uşaq onların belində olardı. Pambığa gedəndə də çox vaxt uşaqları özləriylə aparırdılar. Orda, pambıq səhəsinin bir tərəfində istan tikilərdi.
İstan
Kəndimizdə uşaq bağçası yox idi. Yəqin ki, həmin illərdə uşaq bağçası olan kəndlərdə uşaqları bağçaya qoyarmışlar. Kəndimizdə uşaq bağçasını əvəz edən evlər olardı. Kolxoza gedə bilməyən hansısa yaşlı qadına kolxozdan maaş ayrılırdı. Beləcə, kolxoza gedən qadınların çoxu uşaqlarını həmin qadına tapşırardılar. Amma lap körpə uşaqları özləriylə pambıq sahəsinə aparardılar. Kənd yolu. Yük maşını…. həmin illərin uşaqlarının nə qədər toz udduğunu sözsüz ki, heç bir aparat hesablaya bilməz.
Pambıq sahəsinin kənarında istan tikilərdi. ( bəzi yerlərdə buna naves deyərdilər) Hərdən bu sözün mənasını axtarıb tapmaq istəyirəm. Bəlkə bu söz elə “ stan” şəkilçısıdır? Məsələn, Gürcüstan, Dağıstan kimi sözlərin sonundakı “ stan” şəkilçısı. Yer mənası bildirən şəkilçı.
Istanı adətən biriqadirlər tikərdilər. Tikərdilər deyəndə ki, qarğı-qamışdan hörülərdi. Əslində bu, bir daldanacaq idi. Kolxozçuları kənddən pambığa aparan yük maşını həmin istanın yanında dayanardı. Qadınlar evdən apardıqları zənbili istana qoyardılar. Zənbildə mütləq çayla dolu termos, bir atım quru çay, günorta yeməyi olardı. Termosdakı çayı günortaya qədər içərdilər. Günortadan sonra isə istanda qaynadılımış samovardan termosa çay töküb aparardılar.
Paltarlarını istanda dəyişərdilər. Həmin istanda bir qadın qalardı. Adətən bir az nasaz olan, gün altına çıxa bilməyən qadınlar istanda qalardılar. Onlara maaş verilərdi. Həmin qadın körpə uşaqlara da baxardı. Onları yatızdırardı. Lazım olanda uşağın anasını çağırardı ki, gəlib uşağı əmizdirsin. Körpə uşağı olan ana özüylə yüyrük gətirərdi. Briqadirlər istana samovar gətirərdilər. Iri bir samovar. İstanda qalan qadın həmin samovarı qaynadardı. Su da yük maşınında iri flaqlarda gətirilirdi. Hər bir qadının özünün bir çaydanı olardı. Onlar günorta nahara gələndə həmin çaydanlarda çay dəmlənmiş olardı. Alaq vaxtları qadınlar istanda bir az dincələrdilər. Hər kəs istana özüyçün bir döşəkçə gətirərdi. Həmin döşəkçə pambıq yığılıb qurtarana qədər orda qalardı. Istanın içi şırələnərdı. Hətta istanın yan-yörəsi də şırələnmış olurdu. Pambıq yığılan vaxtlarda istanın həyətinə qapan qoyulurdu. Yük maşını pambıq sahəsinin kənarlarında qoyulmş xaralları, meşokları istanın həyətinə gətirərdi. Kim ki, istana yaxın yerdə işləyərdi, yığdığı pambığı maşına qoyandan sonra istana gələrdi. O qadınlar ki, istandan uzaqda işləyərdilər, onlar xaralla, meşokla dolu olan yük maşınının üstündə gələrdlər.
Pambıq istanın həyətindəki qapanda çəkilərdi. Pambıq çəkiləndən sonra aparıb istanın həyətində şirələnmiş yerə boşaladardılar. Yığılmış pambığı qurutmaq kişilərin işi idi. Pambıq yayılırdı. Günün altında yaba ilə o tərəf bu tərəfə çevrilirdi. Pambıq quruyandan sonra isə yanı setkalı lapetlərə yığılıb rayondakı pambıq məntəqəsinə aparılardı. Nə qədər istəsəm də, uşaqlıq yaddaşımı ələk-vələk etsəm də istanın həyətində tualet olub-olmadığını dəqiqləşdırə bilmədim. Kəndə, ömrünün nüçə ilini pambıq kolları arasında keçirmiş anama zəng etdim. Bir bəhanəylə soruşdum ki, o vaxtlar istanın həyətində tualet tikilirdi ya yox. “ Yox” cavabı məni bir az sarsıtdı. Deməli, o illərdə kolxozçu insan yox, pambıq toplayan canlı timsalında imiş. Həqiqət nə qədər acı da olsa faktdır. “ Tualet” pambıq kollarının arası olardı. ( tələbə vaxtları tələbə inşaat dəstəsinin tərkibində Krasnodar vilayətinin bir kəndinə işləməyə getmişdik. Tərəvəz yığırdıq. Orada hər hektar əkin sahəsinin başında taxtadan tikilimiş bir tualet vardı. Ora da Sovet kəndi idi axı… )
Xatırlayıram ki, lap payızın sonlarına qədər anam pambıq yığmağa gedib. Hava soyuq olduğuna görə pambıq açılımırdı. Belə olanda kolxozçular çırtlamış, açılmağına az qalmış qozaları yığıb istana gətirərdilər. Orda qozanın içindən pambığı çıxarardılar. O cür pambıq daha ağır gəlirdi. Briqadirlər o cür pambığı görəndə çox hirslənərdilər. Elə pambığı qurutmaq çətin olurdu. Pambıq solanda hər axşam evlərinə qayıdanlar özləriylə önlüyə yığılmış yaş pambıq qozası gətirərdilər. Əslində bu, bir oğurluq idi. Yaş qozanı yeyən malın, xüsusən də çamışın südü çox, həm də yağlı olardı. Bəzi hallarda isə qoza yeyən mal -qara zəhərlənərdi. Bu da pambığa səpilmış gübrəylə əlaqədar idi. Pambıq əkiləndən yığılana qədər gübrələrdən istifadə edilərdi. Yadıma düşür ki, sovka da istanın həyətində sayılardı.
Sovka
Sovka pambıq çiçəkləyəndən sonra üzə çıxardı. Pambığın sarı, çəhrayı çiçəklərinin içində balaca yaşıl qurd olardı. Kolxozçuların bir işi də həmin sovkaları yığmaq idi. Bu, adətən yayın orta ayına, avqust ayına təsadüf edərdi. Sovkanı çox vaxt uşaqlar yığardılar. Limonad yaxud araq butulkasına su tökərdilər. Su şüşənin yarısına qədər tökülməliydi. Həmin butulkanın boğazına ip bağlayardıq, həmin ipi də boynumuzdan asardıq. Bircə- bircə pambıq çıçıklərinin içinə baxardıq, sovka tapanda onu butulkaya atardıq. Beləcə gün ərziundə çoxlu sovka yığırdıq. Hər gün axşamüstü istanın həyətində biriqadirlər sovkaları sayardılar. Butulkadakı su sovkayla bərabət torpağın üstünə tökülürdü. Briqadir həmin sovkaları bir çöplə sayardı. Kimin nə qədər sovka yığdığı bir dəftərə yazılardı. Dəqiq yadımda deyil ki, bir sovkanıın qiyməti neçə qəpik idi. Sovka yığılan vaxt demək olar ki biz uşaqların “ sezon” u olardı. Çünkü çox vaxt sovkanın pulu gündəlik verilirdi. Pul qazanırdıq. Zəhmətin nə olduğunu bilirdik. Sovkanı öldürmək üçün, ya da pambıq kollarının yarpaqlarını qurutmaq üçün təyyarələr gübrə səpərdilər. Bəzən təyyarələr elə aşağıdan uçardılar ki az qala başımıza dəyəcəkdilər. ( Əslən Ağcabədidən olan şairə Xatirə Rəhimbəyli deyir ki, hətta gübrə səpən təyyarə o qədər alçaqdan uçurmuş ki, onların kəndində bir briqadirin başını aparıbmış) Biz uşaqların başına gübrə səpilərdi. O yadımdadır ki, o gübrə sulu idi. Çünki paltarlarımızda qəribə nəmlik olurdu. Yapışqan kimi olurdu bədənimiz.
İndi, o illərdən 35-40 il keçəndən sonra nə qədər fikirləşsəm də yadıma sala bilmirəm ki, biz pambıq sahəsindən gələndən sonra yuyunurduq ya yox. Oğlanlar gedib arxda çimirdilər. Qızlar hərdənbir pallı-paltarlı suya girərdilər. O da yadımdadır ki, paltarımız əynimizdə quruyurdu. O illərdə bizim kənddə yalnız bir- iki adamın həyətində hamam var idi.
Hamam
Uşaq vaxtı, soyuq aylarda anam biz uşaqları evdə çimizdirərdi. Evdə odun peçi qalanardı. Iri mis qazanda su qızdırılardı. Peçin yanına qoyulmuş dəmir vannada bir-bir bizi çimizdirərdi. İlk dəfə şampunu neçə yaşımda gördüyüm yadımda deyil. Yəqin ki, həmin illərdə şəhərdə növbənöv şampun varmış. Bizim “ şampun” umuz isə ya qıcqırmış qatıq ya da ayran olardı. Anam saçımızı qatıqla ya da ayranla yuyardı. Saçımız həm tərtəmiz təmizlənərdi həm də yumşaq olardı. Indi “ jele” yaxılan saçlar necə olursa eləcə.
Yay aylarında isə “ hamam” həyətdə olurdu. Belə demək mümkünsə anamın işi bir az yüngülləşirdi. Yayda oğlan uşaqları ya gedib Kürdə çimərdilər ya da Kürün yaxınlığındakı arxda. Bizim kənd rayon mərkəzinə yaxın olduğundan hər həftə kişilər hamama gedərdilər. O vaxt indiki kimi salafanlar bol deyildi. Hamama gedən adama lazım olan şeylər qəzetə bükülürdü. Böyük uşaqlar da hamama gedirdilər. Biz də 12-13 yaşlarından başlayaraq hamama getməyə başladıq. Hamama getmək həm də biz uşaqların şəhərə səfəri idi. Əgər dəftərimiz qurtarmışdısa onda bizə pul verirdilər ki, dəftər alaq. Hamama verəcəyimiz puldan əlavə özümüzə də xərclik verirdilər. Bizə verilən o qəpiklərə hamamdan çıxandan sonra ya tum ya da partladılmış və şirin qırmızı rəngə boyanmış qarğıdalı ( popkorn) alardıq. Başımızı yun şalla bərk-bərk bağlayırdıq ki, soyuq olmasın. Isti hamamdan çıxıb Kürün üstü ilə kəndimizə gələrdik. Evə gələn kimi isti çay içərdik. Bu, adət halnı almışdı. Bilirdik ki, biz evə gəlib çatanda isti çayımız hazır olacaq. Mən indi bilmirəm ki, o vaxtı hamam nə ilə qızırdı. Amma o yadımdadır ki, bəzən isti su kəsilirdi, məcbur olub soyuq su ilə çimirdik.
Kənddə də bəzi adamlar həyətdə özlərinə hamam tikmişdilər. Əgər ona hamam demək mümkünsə. Tikilinin üstünə beş-on vedrə su tutan dəmir bir çəllək qoyardılar. Nərdivanla tiklinin üstünə çıxıb çəlləyin içini suyla doldururdular. Su həmin çəlləkdən gələrdi. Demək olar ki, heç bir adama da bəs etməzdi. Su odunla qızardı. Küləkli havalarda tüstü hamamın içinə dolardı. Hamamdan çıxan adamın üst-başı his olardı. Buna nə dərəcədə çimmək demək olar daha onu deyə bilmərəm. O vaxt kənddə tikilən evlərin çoxi çiy kərpicdən idi. Çox az adamın daşdan tikilmiş evi vardı. Kənddəki evlərin çoxu çiy kərpicdən tikilirdi, palçıqla suvanıb şirələnırdi.
Kərpic, suvaq, şirə, ev…
Kərpicin necə hazırlanması gözlərim önündə baş verdiyindən hər şey uşaq yaddaşıma hopub qalıb. Atam həyətimizdə iri bir çala qazmışdı. Təxminən altı-yeddi metr eni-uzunu olan çalanın torpağı bel ilə qazılırdı. Çox da dərin olmazdı. Sonra həyətdəki balaca arxdan həmin çalaya su axıdılardı. Torpaq tam islanandan sonra doğranmış saman səpilərdi və ondan sonra həmin yaş palçığı tapdalamağa başlayırdılar. Ayaqyalın da tapdalamaq olurdu, uzunboğaz sapoq da geyib tapdalamaq olardı. O vaxta qədər tapdalayardılar ki, saman palçığa tamamilə qarışsın. Samanla palçıq qarışığı tam hazır olandan sonra üstünə ya köhnə palaz ya da sallafan, ya da tol deyilən bir şey salardılar. Palçıq beləcə üç-dörd gün isti günün altında qalardılar. Kərpickəsmə bundan sonrakı mərhələ idi. Kərpic kəsmək üçün taxtadan xüsüsi qəliblər hazırlanardı. Dörd gözü olardı qəlibin. Həmin qəlibin içinə ya quru peyin ya da lap xırda doğranmış saman səpərdilər ki, yaş palçığı ağzıüstə torpağa çevirəndə rahat çıxa bilsin, qəlibə yapışıb qalmasın. Adətən bir nəfər palçıq quyusunun içində palçığı qəlibə yığmaqla məşğul olardı, bir –iki nəfər isə qəlibi dartıb ağzıüstə təmiz süpürülmüş yerə çevirirdi. Bu yolla bəzən bir gündə 200-300, bəlkə də daha çox kərpic kəsilirdi. Adət idi, kərpic kəsən adama qonşular kömək edərdilər. Kərpiclər bir az quruyanda o biri üzü üstə çevrilərdi. Hər iki üzü quruyan kərpicləri “ eşşək” deyilən bir formada, üçbucaq şəklində yığardılar. Elə yığılardı ki, kərpiclərin arasında məsafə qalsın. Kərpiclər barıya palçıqla hörülürdü. Ev tikiləndən sonra palçıqla suvanardı. Eynilə kərpicin palçığı kimi palçıqla suvanandan sonra dəfələrlə şirələnərdi ki, şirəyə düşsün. Kəndin qırağında xüsüsi şirə torpağı olurdu. Kürün sahilindəki qayalıqlarda ya da Kürün qabağına çəkilmiş bənddə belə şirələr olardı. Həm sarı həm də boz şirə vardı. Həmin şirəni meşoklara yığıb gətirirdik. Anamız şirəni isladardı, sonra üstünə su əlavə edib yumşaq əskiylə divarı şirələyərdi. Hər il ən azı 3-4 dəfə ev şirələnərdi. Şirələnən evin çox gözəl bir qoxusu olardı. Evin divarlarına yun ya da pambıq palaz vurular, palazın üstünə isə balaca, taxta çərçivələrdə ailə üzvlərinin şəkilləri vurulurdu. Divarda dilaf ( bəlkə dolab) olurdu. Yorğan-döşək həmin dilafa yığılırdı. Lap köhnə evlərdə ocaq yeri də olurdu. Qışda evlər həmin ocaqla qızdırılarmış . Sonra tikilən evlərdə ocaq yeri qoyulmurdu. Qışda bizim ev odun peçiylə qızırdı. Odunlar yayda yrama şəklində doğranırdı, qışda isə həmin yarmalar bir az xırda doğranardı. Odunları evə daşımaq uşaqların vəzifəsinə daxil idi. Peçin kənarına yığılırdı, gecə lap qalın olan odun peçin içinə qoyulurdu ki, yavaş-yavaş yansın. Hər səhər tezdən peçin külü götürülürdü, təzədən alışdırılırdı. Odun peçinin üstündə eyni vaxtda həm çaydanı qaynatmaq olurdu, həm də yemək bişirmək. Qış vaxtı çox vaxt samovar qaynadılardı. Çünki peçin içi hazır kömürlərlə dolu olurdu. Heyva, kartof bişirirdik peçin közündə. Közdə bişən heyvanın yaxud kartofun tamını başqa heç nə verə bilməz. Daha sonralar isə nöyüt peçindən istifadə etməyə başladılar. İçi təxminən 3 litr nöyüt tutan balaca bir bak evin divarına bərkidilirdi. Bakın aşağısında isə balaca vint olurdu. O vinti burandan sonra nazik, uzun çubuğa bənzər boruyla nöyüt peçin içinə tökülürdü. Bu cür peçlər çox təhlükəli idi. Nöyüt yavaş-yavaş damcılamalıydı, yox təsadüfən sürətlə axsaydı peç qıpqırmızı qızardı, hətta partlayardı, yanğın baş verərdi.
İlin sevimli fəsli-qış….
Qış uşaqların sevdiyi fəsil idi. Sanki uşaq olduğumuz onda yada düşürdü. Yaz, yay, payız fəslillərində biz uşaqlar da kolxozçu olurduq. Qışda isə yağışsız, qarsız havalarda müxtəlif oyunlar oynayardıq. O illərin uşaqları zəhmətin nə olduğunu hələ uşaq yaşlarından bilirdilər. Bircə ibtidai sinif uşaqlarını pambığa aparmırdılar. Beşinci sinifdən başlayaraq hər il aprelin sonlarından etibarən bütün məktəblilər iki yük daşıyırdıq. Həm dərsimizi oxumalıydıq həm də pambığı becərməkdə, yığmaqda kolxozçulara kömək etməliydik. Kolxozçulardan fərqimiz o idi ki, kolxozşular alaq etdikləri üçün əməkgünü alırdılar, şagirdlər isə yox. Bir fərq də o olurdu ki, biz kolxozçulardan tez gəlirdik evə. Bəzən isə yarım gün. Pambıq sahəsindən gələndən sonra məktəbə getdiyimiz vaxtlar da olub. Hər səhər saat 9 yaxud 10- da məktəbin həyətinə toplaşırdıq. Yük maşınları gəlirdi. Biz uşaqlar o maşınlara doluşardaq. Hər gün bir müəllim sürücünün yanında oturub bizimlə gedirdi. Özümüzlə su aparırdıq. Amma çox vaxt hansı briqadirin əkin sahəsinə gedirdiksə suyu da həmin briqadir aparırdı. Günorta bizə yemək verilirdi. Çörək, kotlet, pendir və sair. Quru yeməklər. Pambıq vaxtı işimiz çətin olurdu. Səhər gedib axşamüstü gəlirdik. Bizim yığdığımız pambıq bizi sahəyə aparan yük maşınına yığılırdı, istanın həyətinə gətirilirdi. Bizim pambığımız kolxozçuların pambığından bir az tez çəkilirdi. Bizimlə gedən müəllim kimin nə qədər pambıq yığdığənı ayrıca bir dəftərə yazardı. Biz də kolxozçular kimi pambıqpulu alırdıq. Kolxozçulara pambıqpulu veriləndə biz də “ vedomost” –a qol çəkib pulumuzu alırdıq. Bəzən elə olub ki, pambıq pulu çox gec verilib. Biz məktəbə qayıtmışıq. Dekabr, hətta bəzən yanvar ayında son aylarda yığdığımız pambığın pulunu alırdıq. Pulu valideynlərimizə verirdik, onlar isə məktəb bufetində xərcləmək üçün xərclik verərdilər. O illərin uşaqları elə bil anadangəlmə zəhmətkeş idilər. Valideynlərimiz bizə deməzdilər ki, hansısa bir işi görək.
İyun, 2012, 18 dekabr , 2013

Open post
Sevil Gültən; Çətin ki, koronavirus məni depressiyaya sala

Çətin ki, koronavirus məni depressiyaya sala

Dünən Shahbaz Xuduoglu zəng etmişdi mənə. Başqa vaxtlar zəng edəndə ya tərcümə etdiyim kitabın adıyla bağlı nəsə deyir, ya da tərcüməylə bağlı nəsə soruşurdu. Dünən zəngə cavab verən kimi “ Xeyir ola? Nə yaxşı zəng etmisiniz? dedim. “ Elə -belə zəng etdim. Dedim görüm neynirsən”. Qanorarı soruşdum. Dedi həmişəki vaxtda olacaq. Onun bu çətin vaxtlarında zəng edib vəziyyətimlə maraqlanması ürəyimcə oldu. Bu gün Şahbaz bəyin bir statusunu oxudum. Başqa bir tərcüməçinin depresiyyada olduğunu qeyd etmişdi. Bu barədə oxuyan kimi düşündüm ki, yəqin mənə də dünən zəng edib depressiyada olub-olmamağımla maraqlanırmış. Bu vaxtacan keçirdiyim həyatım kitab kimi gözlərim önündə səhifələndi. Elə ağır, elə çətin günlər keçirmişəm ki, indiki vəziyyətim nə vaxtsa ən əlçatmaz arzum olub.Təyinatla rayonumuzun ən ucqar kəndində işləmişəm. Rayon mərkəzindən o kəndə lafetdə getmişəm. Həftə sonu öz kəndimizə gedirdim, birinci günü vaxtında işə çatmaq üçün səhər saat 6-da dördyol deyilən yerdə olurdum. Eşşəklə su daşımışam o kənddə, dərs dediyim şagirdlərim məni görəndə utandığımdan başımı aşağı salmışam. Böyük qızım dünyaya gələndən sonra cəmi 40 gün analıq məzuniyyətdə olmuşam.Təhsil şöbəsinin müdiri məni məcbur etdi ki, ya yerimə başqa müəllim tapım, ya da işə qayıdım. İki kənddə işləyirdim. Bıçaqçı və Yuxarı Seyidlər məktəbində. Yuxarı Seyidlər Bıçaqçıdan ən azı 3-4 kilometr aralıdır. Hər səhər qucağımda körpə uşaq Yuxarı Seyidlər məktəbinə getmişəm. Uşağı məktəbin yaxınlığındakı bir ailəyə tapşırıb dərs keçmişəm, sonra Bıçaqçıya qayıtmışam gah tozlu, gah da palçıqlı yollarla.
Sonralar öz kəndimizdə ev tikdim. Aldığım torpaq sahəsinin ətrafına çəpər çəkməyə imkanım yox idi. Ən çətin dövrdə, 1994-cü ildə. Maaşların 3-4 aydan bir verildiyi vaxtlarda. Evimin kərpicinin hamısını özüm kəsdim. Elə olub günorta anamgilə nahara getmişəm. Qayıdanda gəlib görmüşəm ki, mal-qara kərpicləri tapdalayıb. Göz yaşım sel kimi axıb zülmlə kəsdiyim kərpiclərin üstünə. Kərpic kəsəndə də Gültən yanımda olub. Sudurğa keçirdiyi üçün onu heç kimə etibar etmirdim. Yanvar ayında evimin içinə palçıqdan suvaq vurmuşam. Bir gün görmüşəm ki, əllərimi saxsı doğrayıb, palçıq tamam qandır. Palçığı vedrəyə yığıb evin içinə aparana qədər əynimdəki donum şaxtadan buz bağlayıb. Yayın cırhacırında evimin arxasına palçıq suvaq vurmuşam, çatlamasın deyə gün ərzində neçə dəfə şirələmişəm. Bir gün gördüm çit donumun çiyinlərini gün yandırıb, cırılıb, boynum, boğazım günün təsirindən qabıq bağlayıb.
Qonşu Dəkkəoba kındində uşaq bağçasında işləyirdim. Hər gün piyada, Gültən qucağımda işə gedir, axşam saat 6-dək Gültəni qucağımdan yerə qoymur, iş bitəndə yenidən piyada öz kəndimizə qayıdırdım. Evimiz hazır olandan sonra düz bir il işığımız olmayıb. Evimiz kəndin kənarında olduğundan işıq çəkdirmək baha başa gəlib. Bir il işıqsız yaşamışıq. Yeməyi ocaqda bişirmişəm. Qışda qalın odunu doğraya bilməyəndə ən azı 2 metr uzunluğunda ağac budağını odun sobasına qoyub otağın qapısını açıq qoymuşam. Odun yandıqca gödəlib sobanın ölçüsündə olana qədər çölün soyuğu evə dolub.
Bakıya gələndən sonra iş yerimdən çıxmışam. 6 ay heç kimə deməmişəm işdən çıxdığımı. Uşaqlarım dəsdən çıxanda kirayədə qaldığımız evə yox, qonşu binada yaşayan tanışım, xeyirxah insan Gülzargilə ( Sərdar İmrəliyevin qızı, anamın yerlisi) gedib nahar etmək üçün. Elə vaxtlar olub evdə bir kartofdan başqa yeməyə heç nə olmayıb.Onu soyutma edib, yarı bölmüşəm ki, uşaqlar yesin.Özüm isə Muğam Teatrına- iş yerimə getmişəm. İşdə bizə yemək verirdilər. Əsl restoran yeməyi. Keyfiyyətli. Orda, günortalar yemək payımı götürüb öz otağıma gətirmişəm. Amma evdə yemək olmadığını xatırlayıb mən də yeməyimi yeməmişəm…
Şükür, indi kirayə haqqını verə bilirəm. Qızlarım işləyir. Vaxt vardı internet klubda yazırdım tərcümələrimi. Neçə ildir komputerim var…Yüngülvari ev işləriylə məşğul olub tərcüməmlə məşğul oluram. Hava soyuq olanda kombini qış rejiminə keçirirəm. Bir dəfə hardasa oxudum ki, çörək pulunu sevdiyi işlə qazanan insanlar xoşbəxtdir. O mənada xoşbəxtəm.
Bir sözlə, mənim depressiyaya düşməli olduğum günlər geridə qalıb. Həmin vaxtlarda başım elə bərk qarşıq olub ki, depressiya mənə yaxın düşə bilməyib. Çətin ki, koronavirus məni depressiyaya sala.

Open post
sevil gulten köhnə sayt

Sevil Gültən:”Şeirlərimin İsindiyi Bucaq”

Oxuculara!

Mən əslində çox nikbin adamam.  Ən çətin anlarımda da nikbinliyimi qoruyub saxlamağa çalışıram.  Ancaq kövrələndə heç nə o nikbinlyi qaytara bilmir mənə…  Dünənki ğün də ən kövrək bir gün kimi yaddaşima həkk olunacaq.  Sevincdən kövrəlmişdim…  www.zardab.com.az/sevilgulten elektron ünvanını açıb baxdim…  Əslində hələ özümü bu sayta layiq bilmirəm. Elə bir qeyri-adi heç ne etməmişəm. Sadəcə duyğularımı qələmə almışam…

Hələ uşaq olandan, məktəbdə oxuduğum vaxtlardan bir arzum olub. Balaca bir otağım olaydi. Özumə məxsus nə varsa yiğaydım ora…  Böyüdüm. Arzum heç böyümədi. Yenə də eyni şeyi arzuladim.  Bir iş otağı arzuladım. Elə bir otaq ki, o otaqda duyğularimla üzbəüz qalım, urəyimi vərəqlərə köçürmək üçün bir guşəm olsun…

Bəlkə də kiməsə bu arzu çox balaca görünə bilər… Amma gələn ay 47 yaşım tamam olacaq. Hələ də bu arzum həyata keçməyib… O arzumu həyata keçirmək üçün çox çalışmışam… Öz kədimizdə torpaq sahəsi alanda sevinirdim. Sevinirdim ki, arzum gerçək olacaq.  İnanın ki, kənddəki evimin hər kərpicində əlimin zəhməti olub… Kərpic də kəsmişəm, palçiq da qarışdırmışam, qış gunundə palçıqla suvaq da vurmuşam… Soyuqdan uşuyəndə, yorulanda gozlərim onunə bir səliqəli otaq gəlib… Mənim iş otaqım. Uşaqlıqdan topladı|ğım, qoruduğum, yazılarımın çap olunduqu qəzet-jurnalları səliqə ilə topladığım bir iş otağı… O otağa qovuşmaq istəyi qoluma quvvət verib, yorğunluğumu unutdurub…

Kənddəki həyətimdəki ağacların hamısını bircə-bircə özüm əkmişəm… Özumün susuz qalmasına razı olardım, ancaq o aqacların suyunu bircə gün də gecikdirməzdim… Ancaq neynəyim ki… Qismət deyilmiş… Evim hazır oldu… İlk maaşımla aldığım kitab şkafıma kitabları yerləşdirdim… Axır ki, kitablarım özlərini rahat hiss etdilər… Hər gecə uşaqlar yatandan sonra o kitablarla üzbəüz qaldım, tərcumə etdim…

Neynəyim ki, sanki Allah özu istəmədi ki bu xoşbəxtliyim uzun sursun… Heç vaxt şəhərdə yaşmaq arzusunda olmamışam. Öküz ilində, buğa bürcündə doğulmuşam. Həmişə torpaq çəkib məni. Qismətdən artıq yemək olmaz… Özüm könüllü gəlmədim şəhərə. Bir tərcüməçi kimi dəvət etdilər. Ancaq əgər bilsəydim ki, şəhərə gələndən sonra sevdiyim kitablarımı yərləşdirməyə yer tapmayacam, yaxud bilsəydim ki, kirayədə yaşadığım evləri dəyişdikcə o kitablarımı daşımaqdan yorulub “nə vaxt qismətim olacaq bir dağılmış xaraba ‘” deyərək o kitabları qonşuların uşaqlarına paylayacağam, heç gəlməzdim. Şeirlərimin, tərcumələrimin çap olunduğu qəzet-jurnalları neçə dəfə toplayıb evdən evə köçmək olar?

Əvvələr inanırdım ki, nə vaxtsa bir iş otağım olacaq. Daha o arzumun gerckələşəcəyinə də inanmıram… Gecələr sat 3-4 ə qədər tərcumə ilə məsğul oluram, səhərlər internet klubda o tərcumələrimi yazıram. Aldığım 5-10 manatı kirayə pulu uçun toplayıram. Son vaxtlar şeirlərimin dərdini çəkirdim… Şükür ki, şeirlerimin bir qismini kitaba yerləşdirə bildim. Bunun uçun, o kitabımın çapına köməklik gostərmiş Hacı İlqara, onun oğlu Hacı Fəridə minnətdaram… Şeirlərimi, tərcumələrimi bir sayta yerləşdirib onları üşüməyə qoymayan Cəmil Əsədova ömrum boyu minnətdaram… Uçuncu kitabımı çapa hazırlayan “Vektor” Elm Mərkəzinin rəhbəri proffesor, şair Elçin İsgəndərzadəyə minnətdaram…

Ola bilsin ki, həyatımın sonuna qədər Allah mənə bir balaca iş otaqi qismət etməyəcək. Ancaq pis olmuram. Nikbinəm… Nə yaxşı ki şeirlərimin bir isti ocağı var!… Duyğularım urəyimin bir hissəsidir… Nə yaxşi ki urəyimi üşüməyə qoymayan bir guşə var!

Sevil Gültən, 2008-ci il

Open post
Afaq Şıxlı Sevil Gültən

Afaq Şıxlı: “Şeir kimi hekayələr”

“Uşaqlıq illərimin şəkilləri” kutabım haqqında həkim, şairə, publisist, tərcüməçi, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü AFAQ Şıxlının rəyi.

Hər dəfə Bakıdan Moskvaya qayıdarkən keçirdiyim hissləri açıqlamaqda acizəm. Tək onu deyə bilərəm ki, hər qayıdışda camadanımdakı yükün yarıdan çoxu kitab olur və dostlarımın bu qiymətsiz hədiyyələri olur məni ovudan, Vətənmlə növbəti görüşədək yaşadan.

 Qələm yoldaşlarım, özləri də bilmədən, bəlkə də bilərəkdən, qəlblərinin istisini, mehr-məhəbbətini kitablarına hopdurub qürbətimə ünvanlayırlar və, onlar da, mənim gecələr gündüzüm, qışda baharım olurlar. Hər birini sevgi və hörmətlə oxuyur, bəzən də, məni titrədən misralara biganə qala bilməyib ürək sözlərimi kağıza köçürürəm.
Bu dəfə qürbətdə sirdaşlıq edəcəyim kitablardan biri – Sevil Gültənin “Uşaqlıq illərimin şəkilləri” adlı kiçik hekayələr toplusu oldu; sadə, amma çox qəribə üslubda, gözəl şeir qədər axıcı dildə yazılmış hekayələr…
  Sevil haqda yazarkən Tomas Karleylin sözlərini xatırlayıram: “Bəşər övladının yaradıcılıq nümunələrindən ən maraqlısı və diqqətəlayiqi – kitabdır. Kitablarda keçmişin düşüncələri yaşayır; ruhları artıq çoxdan bir yuxu kimi göylərə çəkilmiş insanların səsi açıq-aydın eşidilir. Bəşəriyyətin bacardığı, icad etdiyi, nail olduğu hər şey – bir möcüzə kimi, kitab səhifələrində saxlanılıb”.

Doğru fikirdir. “Uşaqlıq illərimin şəkilləri”ni varaqladıqca sanki Sevilin öz dünyasına daxil olur, onun evindəki otaqları bir-bir gəzir, toz basmış, xatirəyə çevrilmiş əşyalara əl gəzdirir, kəndlərindəki çölü-düzü dolaşırsan. Onun bir vaxtlar gördüyü insanlara Sevil Gültən gözü ilə baxır, onlarla tanış olur…, bir sözlə keçmişə toxunursan: ağrılı-sevincli, qayğılı-qayğısız, uzaq-yaxın keçmişə… O zamanlara ki, Sevili indi də rahat buraxmır, yadddaşını varaqlayır, qələminə hökm edirlər. O üzdən də, “kitab – tam olaraq, müəllifin qəlbindəkilərin izharıdır” desək yanılmarıq.

  Müəllifin varaqlara süzülən “dünən”i bugün olub qarşımıza çıxır, hər birimizin iç dünyasıyla ortaqlaşır, ümumiləşir. “Uşaqlıq illərimin şəkilləri” kitabı ikinci dəfə oxuyarkən, adətim üzrə özüm bəzi qeydlər etmişdim və indi də onlardan bir neçəsini sizinlə paylaşacağam.
Əvvəla onu deyim ki, bu kitab, Eyvaz Zeynalovun “Cəza” hekayəsindən sonra oxuduğum ən yaxşı nəsr nümunələrindən idi. Son vaxtlar esse yazaraq, cümlələri alt-alta misralayaraq adına şeir demək dəbə düşüb. Sevil Gültən isə bu lirik, axıcı və səmimi hekayələrə esse demək cürəti tapıb özündə, yazıçılıq dəyərlərinə qiymət verib, hekayə janrını bir daha sevdirib bizlərə. Əsər qıtlığı olmayan bir dövrdə nəsrin bütün gözəlliklərini ortaya çıxarmaq – Sevil xanımın üstünlüklərindən biridir.
  Hekayələr heyranlıq, şükranlıq və rəhm doludur. Oxuduqca, təsvir olunan bütün səhnələr, qəhrəmanlar dəqiqliyilə yadda qalır.

Mən rəhmətlik İsmayıl Şıxlının tələbəsi olmuş, tam qırx il Azərbaycan dili və ədəbiyyatından dərs demiş bibim – Afitab xanım Şıxlinskayanın tərbiyəsini almışam. Odur ki, müəllim adı mənim üçün hər zaman uca olub! Məktəb illərini, müəllim həyatını əks etdirən “Dərs” hekayəsi kövrək xatirələr canlandırdı yaddaşımda:

  “Sinfimizə, çox pis oxuyan və səliqəsiz geyinən, Vahid adlı bir oğlan gəlmişdi. Hər dəfə dərs danışmağa durğuzanda başını aşağı salıb “oxumamışam” deməyindən müəllimlər də, biz də zinhara gəlmişdik. Bəzən ürəyimdə arzu edirdim ki, kaş möcüzə baş verəydi və Vahid heç olmasa bir dəfə dərsə hazır gələydi.
  Bir gün, ədəbiyyat dərsindəvAfitab xanım (bibim mənim də ədəbiyyat müəllimim idi) Vahidi ayağa qaldırıb Füzulinin “Məni candan usandırdı” qəzəlini oxuyub oxumadığını soruşdu. Vahid gözlərini bərəldib qəzəlin adını belə təkarlaya bilmədiyində bütün uşaqlar gülüşdülər. O özü də, utanmaq əvəzinə, arsızcasına gülməyə başladı. Müəllimə hirslənib Vahidin qolundan yapışdı və direktorun yanına aparmaq istədi. Bu zaman oğlanın köhnəlib əfrimiş məktəbli geyiminin qolu müəllimənin əlində qaldı. Bircə onu xatırlayıram ki, Vahid partaya çökdü və başını qucaqlayaraq hönkür-hönkür ağlamağa başladı. Hamımız kövrəlmişdik.
  Məlum oldu ki, o, çox kasıb, güclə dolanan çoxuşaqlı bir ailənin sonuncu övladıdır. Anası işləmir, yaşlı fəhlə atası isə zavodda çalışır. Və böyük qardaşlarından qalan bu köhnə pencəyin cırılması Vahid üçün əsil faciə idi.
  Bibim onu birtəhər sakitləşdirdi. Dərsdən sonra evimizə aparıb pencəyin qolunu tikdi, onun süzülmüş pioner qalstukunu çıxarıb, əvəzində mənim təptəzə qalstuklarımdan birini verdi və həmin il, imkansız ailələr üçün nəzərdə tutulan pulsuz məktəbli geyimlərindən bir dəst Vahidə verildi…”
  Bu sətirləri yazarkən sanki özüm də keçmişə qayıtdım və Sevil Gültənin səbəbkarlığı ilə, mən də uşaqlıq illərimin albomunu vərəqləmiş oldum…
   “Sevda, nisgil, giley…” Bu hekayəni təkcə bədii əsər nümunəsi deyil, həm də Sevil xanımın dilçilikdə araşdırma işi kimi qəbul edə bilərik.
   Müəllifin “Könül dəftərimin saralmış vərəqləri”, “Keçmişdən gələn qız”, “Ünvanına çatmayan kitab” adlı kövrək hekayələri; vətən və onun vətəndaşlarını anladan “Haradan başlanır Vətən?”, “Kim deyir ki, müharibələr qurtarır?!”, “Nurməmməd əmi”; ülvi və müqəddəs məhəbbət mövzulu “Qoşa qarıyanlar”, “Kakay – ölmüş bir sevginin ruhu” , eləcə də digər hekayələri, onu yaxşı müşahidəçi, gözəl bir rəssam kimi tanıdır bizə. Kitab, məişət qayğılarını və mürəkkəb insan xarakterlərini anladan hekayələrlə də zəngindir.
  Haqqında söhbət açdığım “Uşaqlıq illərimin şəkilləri” “Kitabsız evlər” hekayəsilə tamamlanır. Məncə bu heç də təsadüfi deyil. Ümumiyyətlə, uca “Kitab” məfhumu – bu kitabın baş qəhrəmanıdır desəm – yanılmaram, çünki, Sevil xanım onu ən böyük dəyər, ən qiymətli xəzinə, insan ola bilmək üçün ən başlıca amil hesab edir!“Kitab olmayan ev – ruhsuz bir bədən misalıdır!” – demişdir dahi Siseron. Həqiqətən də, ev – onun sakinlərinin aynasıdır. Kitab olmayan ev isə bu sakinlər haqda bizə nələr deyir, nələr söyləyir…
  “Dahiyanəlik – ilhamın bircə faizidir, qalan doxsan doqquzu isə əməkdir” – demişlər. Sevil xanımın tanıyan hər kəs onun həm istedadlı, həm də çalışqan olduğunu çox yaxşı bilir. Onun gecə-gündüz bilmədən ədəbiyyata və tərcümə işinə qurban etdiyi ömür, göstərdiyi fədakarlıq nəzərdən kənarda qala bilməz. Lakin, əlbəttə ki, zamanımızın müxtəlif çətinlikləri yazı adamlarının layiq olduqları səviyyədə yaşaya bilməsinə əngəllər törədir. Kitabı yaradan müəllif olsa da, onun taleyini cəmiyyət həll edir. Və çox heyif ki, bir çox dəyərli müəlliflərimizin həyat tərzi onların istedadları ilə düz mütənasib deyil! Amma gələcəyə inamla yaşamaq da bir bacarıqdır! Ümid və inam isə uğurun meyarlarıdır! Mən inanıram ki, hörmətli qələm dostumuz Sevil Gültənin necə ki, köhnə, eləcə də yeni şəkillərlə dolu albomlarını hələ çox varaqlayacağıq!

 

Open post
şerlər -urəyimin göz yaşları

“Duyğularım şeirə çevrilə bilməyəndə yox olub gedirəm bu dünyadan…

Bir lalın dil açan, danışan duyğuları

Duyğularım şeirə çevrilə bilməyəndə yox olub gedirəm bu dünyadan, gedirəm öz dünyama. Gedirəm mənə əzab verən duyğularımla dalaşmağa.

Ey məhəbbət! Mən sənə tabeyəm. Mənimlə necə istəsən rəftar edə bilərsən…

* * *
Sənə milyon dəfə “qurban olum!” deyəcəyəm… Yəqin ki, bir dəfə insafa gəlib mən qurbanını qəbul edərsən.

* * *
Həsrət sevgimin gəlinlik divarıdır… Gözləyirəm ki, gəlib o divarı qaldırasan…

* * *
Elə bilmə ki, Səni görsəm sarmaşıq olub Sənə sarılaram… Yox… Ya sevincimdən od tutub alışaram, ya da ki, buz olub
donaram…

* * *
Hərdən Günəşdən də hərarətli oluram… Günəşə nə var ki… Hərarətini bütün dünyaya paylayıb bir az soyuyur… Mənim odum isə içimdə qalır…

* * *
Ey insan! Bütün dünyanı gəzib gözəllik axtarma! Bircə sevgini axtar! Onu tapsan, hər şey gözlərinə gözəl görünəcək…

* * *
Sənə olan sevgim ürəyimdə böyüdü. Ürəyimdə pis nə vardısa onu görünməz etdi…

* * *
Sən hara getsən də qəlbimin gözü Səni görür…

* * *
Sənin xəyalın hər an qonağım olur… Kaş bircə dəfə mənim xəyalım Sənə qonaq olaydı.

* * *
Səninlə bircə dəfə bir yerdə olsam həyatın dadını bilərdim…

* * *
Duyğularım şeirə dönməyəndə ağır xəstə kimi oluram. Ağrılardan zarıyıram. Ölüm arzulayıram özümə. Şeirə çevrilməyən
duyğularım ağrıya dönüb başımın bir yerində gizlənir. Başımın həmin yeri ürək kimi döyünür. O döyüntülər elə bil nəsə
demək istəyir mənə. Ağrılarım haray çəkir. Heç kim, heç nə kömək edə bilmir ağrılarıma…

* * *
Duyğlarım şeirə çevrilə bilməyəndə göz yaşlarıma dönür. Harada olmağımdan asılı olmayaraq acgözcəsinə yanaqlarımı öpür.
Yanaqlarım göz yaşlarımdan içib sərxoş olur.

* * *
Duyğularım şeirə çevrilə bilməyəndə elə bil qanımı içir, qanım azalır. Gözlərimə qaranlıq çökür. Ətrafımda nə varsa qaranlıqda
görünməz olur.

* * *
Duyğularım şeirə çevrilə bilməyəndə heç nə deməyin mənə! Dindirməyin məni! Çünki cavab verməyə taqətim olmayacaq. Lal oluram duyüğlarım şeirə çevrilə bilməyəndə.

* * *
Duyğularım şeirə çevrilə bilməyəndə yox olub gedirəm bu dünyadan! Gedirəm öz dünyama. Gedirəm mənə əzab verən duyğularımla dalaşmağa.

* * *
Mən öləndə başdaşı qoymayın mənə!. Hər gecə ürəyimə axan göz yaşlarım daşa dçnüb dikələcək qəbrimın baş tərəfində.
Kaş daşlaşmış göz yaşı olsun mənim başdaşım! Axı o göz yaşlarım sənin üçün axıb!

* * *
Mən ölən kimi ruhum canımdan çıxıb sən tərəfə uçacaq. Əbədi olaraq sənin başına dolanmaq üçün!

* * *
Sən milyonlarlasan! Hara baxıramsa Səni görürəm. Gecələr Aya baxanda Səni görürəm. Gündüzlər Günəşə baxıb Səni
görürəm. Sən ulduzların sayı qədərsən! Gördüyüm ağacların, güllərin, yarpaqların sayı qədərsən. Milyonlarlasan Sən! Əfsus!
Milyonlarla olan Səndən heç biri mənim qismətim deyil… deyil..!

* * *
Heç kəs Səni mənim kimi görə bilməz! Mənim gözlərim Səni heç kəsin görə bilmədiyi kimi görür. Gözlərim təkcə Səni görəndə
sevinir. Gözlərimə bir dünya sevinc bəxş etməyə qadir yeganə varlıqsan Sən!

* * *
Sən həmişə mənimləsən! Gecələr gözlərimi yumub yatanda gözlərimin içində qalırsan. Səhərə qədər yuxularımın qonağı
olursan. Səhərə qədər duyğularımı danışdırırsan. Səhərə qədər hisslərimin bütün suallarına cavab verirsən. Ona görə də
səhərlər ayıla bilmirəm yuxudan.

* * *
Ürəyimin içindəsən! Ürəyimin döyünməsinə kömək edirsən. Sən ürəyimin içində olmasan, ürəyim də döyünməz.

* * *
Sən həmişə mənimləsən! Sənə həsrət qalıb ağlayanda isti göz yaşlarına dönüb yağış kimi yağırsan soyuq həsrətimin üstünə.

* * *
Eşq nə olduğunu öyrənmək istədim. O gün gözlərimin dərinliyində gördüm onu. Axtardığımı tapdığım üçün sevindim.
Kədərləndim,onu Sən görə bilmirsən, təkcə mən görə bilirəm onu.Əfsus!

* * *
Həyatın ən şirin neməti yaşayır mənim qəlbimdə. Bundan da böyük səadət varmı?

* * *
Allaha minnətdaram – atamı, anamı yaradıb. Atamla anama minnətdaram – dünyaya gəldiyimə görə. Amma taleyimə daha çox
minnətdaram – məni Səninlə rastlaşdırdıüı üçün! Sənə isə ən çox, ən çox minnətdaram – qəlbimdə əbədi ocaq qaladığın üçün!

Open post
SEVİL GULTEN SHEİRLER

“Duyğularım şeirə çevrilə bilməyəndə elə bil qanımı içir, qanım azalır…”

Bir lalın dil açan, danışan duyğuları

“Duyğularım şeirə çevrilə bilməyəndə elə bil qanımı içir, qanım azalır. Gözlərimə qaranlıq çökür. Ətrafımda nə varsa, qaranlıqda görünməz olur.”

Səhərəcən oyaq qaldım. Öz gozlərimlə gördüm ki, gecə öz yerini səhərə necə verdi. Gecənin göz yaşını, səhərin sevincini gördüm. Ümidim artdı.

* * *
Mənim ömrümdə nə qədər qara rəng var, ilahi! Xoşlayıram qaranı. İnsanı silkələyib ouadan rəng oldugu üçün. Qara rəngim,silkələ məni. Möhkəm! Elə silkələ ki, oyana bilim.

* * *
Heç bir quvvə Sənin xəyalının mənim əlimdən ala bilməz. Xəyalınsız yaşaya bilməzdim. Xəyalın hər şeydən qüvvətlidir. Kədərimi yox edir.

* * *
Bu gecə mənsiz keçən keçmiş günlərinə heyifim gəldi və gələcəkdə mənimlə birgə keçəcək günlərinə qibtə etdim!

* * *
Ən gözəl vüsal qovuşan ruhların vüsalıdır. Mən isə bu vüsalın dadını çoxdan bilirəm. Bütün dünya nemətlərindən dadlıdır o.

* * *
Səni sevdim..həyatı sevdim…Səni tanıdım..həyatı tanıdım…Səndən küsdüm…Həyatdan küsdüm. Sən həyatın özüsənmiş…

* * *
Dünyada ən güclü şey sevgidir. Ən zəif olan da sevgidir. Ən zərif olan da.

* * *
Səni sevəndən sonra özümü tanıdım. Səni sevmək mənə həyatı anlatdı. İnsanları tanıtdı. Həyat yollarında yeriməyi öyrəndim.

* * *
Hərdən mənə elə gəlir ki, heç vaxt gülməmişəm. Sanki kədərim mənimlə birgə doüulub.

* * *
O gün uzaqdan gördüm Səni. Baxdım… Baxdım… Doyunca baxa bilmədim… Gözlərim doldu… Heç yanı görə bilmədim. Getdim… Yollara yağış səpələndi….

* * *
“Allah hər şeyə qadirdir” – deyənlərə yazıüım gəlir. Əgər belə olsaydı Allahın məni Sənə qovuşdurmağa gücü çatardı.

* * *
Bir vaxtlar ən xoşbəxt idim… Hər gün Səni görürdüm, səsini eşidirdim… Sonra xoşbəxtliyim bir az azaldı… Yalnız səsini
eşitdim.İndi isə xoşbəxtliyimin dərəcəsi sıfıra çatıb… Nə Səni görürəm, nə də səsini eşidirəm.

* * *
O gün xəyalına qovuşmaq istədim…Əllərimi saçlarına uzatdım ki, əllərim saçlarına qovuşsun… Gözlərimi gözlərinə zillədim ki, gözlərinə doyunca baxa bilim… Əllərim saçlarına doüru uzanılı qaldı… Gözlərim sevinmədi… Xəyalın xəyal atına minib getdi…Baxa- baxa qaldım…

* * *
Əgər Allah özü göylərdən enib Sənin qəddar olduğunu mənə desə, yenə də də inanmaram… Mən öz duyğularımın saflığına inanıram.

* * *
Hara baxıramsa Səni görmək ümüdi ilə baxıram…

* * *
Hər gün Sənin səsini eşitmək istəyirəm. Telefonumu götürürəm. Sənin nömrələrini yığıram.Bircə düyməni basmaq kifayətdir
ki, zəngim Sənə çatsın. Qorxuram Sənə zəng etməyə… Qorxuram ki, cavab verməyəsən. Ümidlərimin öləcəyindən qorxuram…
Sənə zəng etmədiyimə görə neçə ümidlərim sağ-salamat qalıb.

* * *
Əgər bilsəydim ki, bu an, bu saat Sən də məni düşünürsən… Sevincimdəm ürəyim partlayardı… Kaş ürəyim partlayaydı….

* * *
Ey Kədər! Deyəsən ürəyimdən çıxıb getmək istəyirsən… Getmə! Ürəyim sənsiz dözə bilməz… Mən şairəm axı….

* * *
Günəş gecənin qaranlığını öpdü… Qucaqlaşdılar… Onların səhər adlı övladları dünyaya gəldi. Öp məni… Qoy ömrümün səhər adlı övladı dünyaya gəlsin…

* * *
Gecənin sükutu Səni səssiz-səmirsiz mənə qonaq gətirir… Səhərin toranlığı isə Səni geri qaytarır…

* * *
Səni sevəndən ürəyimdə kədər dənizi yaranıb… Sevgim onun içində boğulur… Uzat əllərini!

* * *

Sənin öpüşün mənim dirilik suyumdur. İçsəm, əbədilik qazanaram… Dirilik suyunu kim içib ki?!

* * *
Bəxtimin çırağı gecənin qaranlıüında Sənin yolunu gözləyir… Gəl onu yandır!

* * *
Səsini ürəyimdə yığıb saxlayıram… Sakitlik olan kimi qulaq asıram… Səsin həzin nəğməyə dönür – Mən isə onu dinləyən gözüyaşlı bir dinləyici oluram…

* * *
Görəsən, bircə dəfə üzündən öpsəm mənim də üzüm nurlanarmı?

* * *
Hərdən balıq kimi susuram… Hərdən quş kimi nəğmə oxuyuram… Hərdən isə insan kimi danışıram… Səbəbkarı sənsən.

* * *
Sevgim ürəyimdə şölənən şam kimidir… Onun işığında ürəyimdə nə varsa açıq-aydın görünür.

Open post
sevil gulten duyğularım

“Allahım! Deyirlər ki, Sən nə verirsənsə geri alırsan, al mənə verdiyin…”

Bir lalın dil açan, danışan duyğuları

“Duyğularım şeirə çevrilə bilməyəndə göz yaşlarıma dönür. Harada olmağımdan asılı olmayaraq acgözcəsinə yanaqlarımı öpür. Yanaqlarım göz yaşlarımdan içib sərxoş olur.”

Allahım! Deyirlər ki, Sən nə verirsənsə geri alırsan. Elə isə al mənə verdiyin dərdləri!

* * *
Ey Allah! Sualıma cavab ver! Bilmək istəyirəm ki, mən ömrümün baharını yaşayıram, yoxsa qışını? Mənim ömrümün yayı
arxada qalıb, yoxsa qışı?
* * *

Nə vaxtdır ki, ruhumu axtarıram. Tapa bilmirəm. Ruhundan soruş. Bəlkə o bilər mənim ruhumun yerini.

* * *
Yenə yuxuda gördüm Səni. Gözlərimi daha geniş açdım ki, Səni daha yaxşı görüm. Gözlərimi açdım, ayıldım. Xəyala dönüb
getdin keçmişə.

* * *
Sevgi dolu ürəyimə həsrət sarınıb. Həsrət-ürəyimin nişan üzüyü. Qaşı ayrılıqdan… ürəyimin nişan üzüyü sıxır ürəyimi.
Sevgimin gücü çatmır onu qırmağa.

* * *
Səni ürəyimdən çıxarmaq üçün gərək ürəyimi köksümdən çıxaram. Gəl, ürəyimi köksümdən qopar! Gəl, özünü ürəyimdən
qopar! Bacararsanmı? Sən sevgimdən zəifsən, gücün çatmaz ona.

* * *
Hər dəfə Səni görmək üçün gözlərimi yumuram. Xəyalına qovuşuram. Yuxularım – Səninlə görüş yerim.

* * *
Hərdən istəmirəm ki, gözlərimi açım. Bilirəm ki, Səni görməyəcəyəm. Elə isə niyə ayrılım xəyalından?

* * *
Hərdən xəyalının saçlarını sığallamaq istəyirəm. Gözlərimi saçlarına doğru uzadıram. Amma toxunmuram. Qorxuram ki,
gerçəyə dönüb ayrılarsan məndən. Hər gecə əllərim saçlarına həsrət qalır. Gerçəyi görmək istəmirəm. Ondansa xəyalın daha
yaxşıdır.

* * *
Bu gecə doyunca baxdım xəyalının gözlərinə. Gözlərim nurlandı. Gözlərimin səhəri açıldı.

* * *
Ən şirin vüsal sevən xəyalların vüsalıdır. Nə qədər qovuşsalar da vüsala yetişmirlər. Ən şirin vüsal – xəyalların vüsalı. Sonu
olmayan vüsal!

* * *
Xəyalına qovuşmaq üçün dərimi də soyundum. Qovuşa bilmədim. Bütün paltarlarımı əynimə geyinib duyğularımı soyundum.
Qovuşdum Sənə.

* * *
Hara baxıramsa Səni görürəm. Sən gözlərimin içindəsən. Sən ürəyimdəki qansan.

* * *
Bu gecə yanımda idin yenə. Əllərin sərin su kimi bütün duyğlarıma sərinlik gətirdi. Həsrətimi yandırıb külə döndərdi.
* * *
O gün şəklinə baxdım. Bircə anlıq da olsa qayıtdım keçmişə. Keçmişimlə gələcəyim qarışıb bir-birinə… Bircə mənim indim
uzaq düşüb keçmişdən.

* * *
Hərdən Sənin özünün də xəbərin olmur. Sənin səsinlə mənim nəfəsim bir-birinə qovuşur. Səsinin hərarətindən ürəyimdə
Sənə deyiləsi sözlər əriyir. Heç nə deyə bilmirəm Sənə. Sözlərim yox olur. Eləcə nəfəsim qalır. Səsinə qovuşan nəfəsim.

* * *
Saçlarından öpərəm… Ağarmış tellərinin rəngi qaralana qədər… Gözlərindən öpərəm… Kədərli gözlərindən sevinc göz
yaşları axana qədər… Yanaqlarından öpərəm… Yanaqların opüşlərimdən yorulana qədər…dodaqların dodaqlarım üçün
darıxana qədər…Dodaqlarımın Sən həsrətli yaraları sağalana qədər… Sağalana qədər…

* * *
İnsan cismən qovuşanda bircə anlıq da olsa vüsaldan doyur… Xəyalən qovuşanda doymaq olmur. Cismən qovuşmaq
istəmirəm Sənə.

* * *
Hər gecə xəyalın yanaqlarımı öpür. Qorxuram ki, yanaqlarımdakı öpüş yerlərini kimsə görə bilər. Ona görə də hər gecə
ağlayıram. Göz yaşlarım yuyur öpüşünün yerlərini…

* * *
Ürəyim yaralarla doludur… Amma o yaralarım da əzizdir mənə. O yaraları Sən vurmusan axı…

* * *
Əgər bisəm ki, haradasa ikinci Sən vasan… Onda gecə-gündüz yol gedərəm ikinci Sənə qovuşmaq üçün…Bilirəm ki,ikinci
Sən yoxdur.

* * *
Allah məni kişi yaratsaydı, yəqin ki, Səni də qadın yaradardı…

* * *
Mən öləndə vəsiyyət edəcəm ki, mənə iki başdaşı qoysunlar. Birinə özümün şəklimi vórsunlar… O birinə isə Sənin
xəyalının şəklini… Mənim cismimdə həm də Sənin xəyalın var olub axı….

* * *
Səsini eşitdim… ürəyimdəki arzularımın yazı gəldi… Arzularım çiçək açdı. Duyğularım sel kimi aşıb – daşdı. Göz yaşlarım
yağış kimi axdı. Səsini eşitdim… Könlümün yazı gəldi.

* * *
Bu gecə xəyalını öpmək istədim. Gözümə dolmuş göz yaşlarım sənin gözlərinə doıdu. Ona görə də opmədim səni.
İstəmirəm ki, gözlərində yaş olsun.

 

Open post
sevil gultən duyğularəım

“Duyğularım şeirə çevrilə bilməyəndə heç nə deməyin mənə!”

Bir lalın dil açan, danışan duyğuları

Duyğularım şeirə çevrilə bilməyəndə heç nə deməyin mənə! Dindirməyin məni! Çünki cavab verməyə taqətim olmayacaq. Lal oluram duyğularım şeirə çevrilə bilməyəndə

Duyğular, yağış kimi yağın üstümə! İsladın məni! Ağladın məni! Dəli kimi güldürün, dərviş kimi çöllərə salın məni! Mən şairəm – duyğuların quluyam! İncimərəm sizdən, yağış kimi yağın üstümə!

* * *
Yağış çat-çat olmuş torpağın arzusu olduğu tək Sən də mənim arzumsan! Arzum! Niyə sən bu qədər şirin, həm də əlçatmazsan?!

* * *
Ürəyimdən soruşdum: “Niyə Onu görəndə tir-tir əsirsən?” Cavab verə bilmədi ürəyim. Eləcə bərk – bərk döyündü- sevindi.  Çünki Sənin adını eşitmişdi.

* * *
O gün Sənin əlindən tutmaq istədim. YazıĞım gəldi Sənə. Qorxdum ki, Sənə olan bütün hisslərim əllərimə keçər, əllərim yandırar Səni – həsrətin məni yandırdığı tək!

* * *
Allahım! Niyə həm böyük sevinc, həm də böyük kədər verdin mənə?! Sevincim-sevgim, Sənə olan əbədi həsrətim-kədərim!

* * *
Bir parça bulud olmaq istəyirəm. Yağış olub təkcə Sənin üstünə yağmaq üçün!

* * *
Yalnız ilk dəfə Səni görəndə hiss etdim ki, qadınam. Duyğularım ilk dəfə Səni görüb oyandı.

* * *
Yuxular – ölümə hazırlıqdır. Hər gecə ölümə hazırlaşırıq. Hər gecə müvəqqəti ölürük. Hər gecə yuxularımdasan. Əbədi yuxuya
gedəndə də mənim yuxularımda olacaqsansa, nə xoşbəxtəm!

* * *
Ölümdən qorxmuram. Doğulduğumuz andan ölümə doğru yol gedirik. Qorxmuram ölümdən. Bircə ondan qorxuram ki, mən
öləndə xəyallarımdakı Sən də öləcəksən.

* * *
Ürəkdən-ürəyə yollar var. Gözəgörünməz yollar! O yollarla bircə dəfə ürəyimə gəl! Ürəyimdə Sənə olan sevgimin böyüklüyünü görüb əbədi donub qalarsan ürəyimdə.

* * *
Sən yoxsan – gözlərim heç kimi görmür, Sənin xəyalından başqa gözümə heç kim görünmür.

* * *
Sən məni həm göylərə qaldırmağa, həm də göylərdən yerə çırpmağa qadir yeganə insan!
* * *
Qışda çılpaq qalan ağacların bir daha çiçəkləmək ümidləri olmasaydı, yaza çıxmazdılar.

* * *
Fikirləşirəm: niyə bu qədər doğmasan mənə? Cavab tapdım: Ruhlarımızın ata-anası eynidir.

* * *
Ürəyimdəki sevgim göz yaşlarımda boğulur. Sən onu xilas edərsənmi?

* * *
Təkcə sənin Səsini eşidəndə sevinirəm. Səsin – sevinc payım, adi sözlərin – sevgi payım!

* * *
Heç nə, heç kəs məni özünə tabe edə bilməz. Mən yalnız eşqin qulu ola bilərəm!

* * *
Ürəyimdə ümid də var, qorxu da. Ümidim – Sən, qorxum -Səni itirmək!

* * *
Nə pisdir ağ rəng – hər rəngə boyamaq olur. Bəlkə elə qara rəng yaxşıdır – heç bir rəngə boyanmır.

* * *
Gündüzü xoşlamıram – sonu gecədir. Gecəni üstün tuturam – sonu səhərdir. Ömür – sonu ölüm, ölüm – sonu əbədiyyət! Mənə ölüm ver, ilahi!
* * *
Xəyallarımdakı Səni görsən, Sən də vurularsan özünə. Xəyallarımda yaratdığım Sən bir az Sənə oxşayır.

* * *
Həyat sevgidən yaranır. Bəs görəsən Yerdə həyat necə yaranıb? Hansı planet olub Yerin sevgilisi? Yer atadır, yoxsa ana?

* * *
Tanrım məni quş yaratdı. Ürəyimi nəğmə ilə doldurdu, amma o nəğmələri açıq səmada oxumağı mənə qismət etmədi.
Tanrım məni quş yaratdı, taleyim isə məni balıq kimi yaşamağa məhkum etdi. Hər dəfə nəğməmi oxumaq istəyəndə ağzıma su
dolur.

* * *
Sən sevgi nə olduüunu bilmirdin. Məndən öyrəndin sevməyi.

* * *
Bircə ürəyinə gedən yolu tapa bilsəydim! Sənin ürəyində özümü görsəm də, görməsəm də ölərəm. Görsəm – sevincimdəm, görməsəm dərddən.

* * *
Qaranı ağdan, ağı qaradan ayırmağa nə var ki… Ağı bozdan, bozu ağdan ayırmaqdır ən ağır iş!

* * *
İlahi, görəsən buludlar niyə ağlayır?!

* * *
Sənsiz karam, karam, lalam.

* * *
Ehtirasımı döydüm ki, məni incitməsin. Ağladı. Onun göz yaşlarında sevgi gördüm.

* * *
Ömrümün qışı gəlir. Mən isə hələ də yazı gözləyirəm.

* * *
Sənin eşqin məni Məcnun etdi. Məcnunların cinsi olmur. Kaş sən də Məcnun olaydın! Məcnun olmuş mən Leylinin nə dərdi olardı onda!..

* * *
Ey dərdi olmayanlar! Mən sizə qibtə etmirəm. Sevinci olmayanın dərdi də olmaz. Mən sizdən xoşbəxtəm. Mənim hər dərdim çiçək açmayan sevincimdir. Dərdimin içində sevincim var. Sevincimin içində dərdim yaşayır.

* * *
Mən sevgi adlı bir zirvədəyəm. O zirvəyə məni həsrətim qaldırıb. Ən böyük həsrətə dözə bilənlər sevgi zirvəsinə qalxa bilərlər.

* * *
Xoşbəxt olardım, sən məni sevsəydin. Sevmək xoşbəxtlikdir. Sənin də xoşbəxtliyini istəyirəm.

* * *
Kaş bütün sancıların səbəbi sevgi olaydı.

* * *
Mənim sevgim o qədər böyükdür ki, Sənin bütöv ömrüno has edər.

* * *
Üzüyü daş-qaşla bəzəmək o üzüyü ört-bastır etməkdir. Oadının da bəzəyi onu gizlədir.

* * *
Bəzənmiş bütün qadınlar bir-birinə bənzəyir. Bəzənməmiş qadınların isə hərəsinin öz gözəlliyi var.

* * *
Ey mənim cismimi yıxan varlıq! Sən məni yıxmadın. Mən ıyağa durmaqla sənə qalib gəldim. Sən məni yıxmaqla özünü
məğlub etdin. İnsan təkcə cismani varlıq deyiL. Həm də ruhani olandır. Sən cismani məndən qüvvəli olsan da ruhani məndən güclü deyilsən. Güclü olsaydın məni cismən yıxmazdın.

* * *
Qəlbinin başına dönüm. Nə yaxşı ki, varmış! Məni mən etdi! Mənə sevgini göstərdi!

* * *
Elə etmə ki, ruhum ağlasın. Ruhum ağlasa sənin ruhun göz yaşlarımda boğular. Mənim ruhum sənin ruhunun başına dolanır axı!

Posts navigation

1 2
Scroll to top