Əvvəla Ayxan Ayvaza minnətdarlığımı bildirirəm. Ən azı yazdığı məqalə ilə bizdə tərcümə tənqidi sahəsində boşluğun olduğunu qabartdığı üçün. Tərcüməçilik çətin sənətdir, çoxlarının təsəvvür etdiyindən də çətin. Tərcüməçilik kipriyinlə daş qaldırmağa bərabərdir. Dini, dili fərqli, tamamilə başqa təfəkkürlü bir yazıçının əsərini ana dilimizə tərcümə etmək çox çətindir. Əsas da ingilis dilindən və rus dilindən əsərləri bizim diliə tərcümə etmək 20 otaqlı bir villadakı ev əşyalarını kiçik, dar, birotaqlı mənzilə yerləşdirmək kimi bir şeydir. Mən azərbaycanlıyam, ana dilimi sevirəm, hörmət edirəm, amma bizim dil zəngin deyil. Ən azı ingilis dili və rus dili ilə heç müqayisə edilə bilməz. Adi bir misal çəkim. Bizim dildə işlənən “ əlavə” sözünün ingilis dilində ən azı 60 sinonimi var. Əgər kitaba əlavə edilirsə başqa söz, tikiliyə əlavə edilirsə başqa söz, yeməyə nəsə əlavə edilirsə başqa söz işlənir. Yaxud “ əsmək” sözü. Ürək sevincdən əsirsə bir söz, qorxudan əsirsə fərqli söz işlənir. Azərbaycan dilindən ingilis dilinə tərcümə edərkən bu çətinliklərlə çox üzləşirəm.
Bizdə tərcümə tənqidi inkişaf etməyib. Yaxud bu sahənin inkişafına laqeyd yanaşırlar. Tərcümə edilmiş mətni tənqid etmək tərcüməçini tənqid etmək deyil. İstənilən bir tərcüməni tənqid etmək üçün ilk növbədə tərcümə olunmuş mətn orjinalla tutuşdurulmalıdır. Neçə il bundan əvvəl Paulo Coelhonun “ Alchemist” əsərinin tərcüməsi haqda “ Əlkimyagər” azərbaycan dilində: Misə çevrilmiş qızıl “ adlı məqalə yazdım.( Kitab Xəzər Universitetinin nəşriyyatında çap olunmuşdu). Təxmminən 4-5 səhifəlik məqaləni yazmaq üçün iki həftədən çox vaxt sərf etmişdim. Mən faktlar əsasında tərcümənin zəifliyini sübut etmişdim. Ayxan Ayvaz isə konkret faktlara istinad etmədən “filan tərcüməçi pisdir, filan tərcüməçi yaxşıdır” yazır. Belə tənqid olmur. Belə yazmaq həmin tərcüməçiləri təhqir etməkdir. Ayxanın məqaləsində işlətdiyi “ Biabırçı tərcüməçilərimiz” ifadəsinin özü yanlışdır. “ Biabırçı” tərcümə ola bilər, amma tərcüməçi sözünün qarşısında bu sözün təyin kimi işlənməsi düzgün deyil. Ən azı məqalənin çap olunduğu saytın redaktoru bu səhvi düzəltməliydi.
Tərcümə kollektiv işdir. Tərcümə redaktorun, korrektorun, lazım gələrsə elmi redaktorun yaxud texniki redaktorun birgə əməyinin məhsuludur. Tərcüməçinin yazıçılıq qabiliyyətinin olması tərcümənin keyfiyyətinə müsbət təsir edir, amma hər bir tərcüməçinin yazıçı olması vacib şərt deyil. Tərcüməçi orjinal dildən mətni tərcümə edir. Müəllifin fikrini çatdırır. Redaktor o fikri istədiyi yolla ifadə edə bilər. Tərcüməçinin 10 sözdən ibarət cümləsini redaktor 2 sözlə də əvəz edə bilər. 400- 500 səhifəlik bir kitabda bir neçə cümlənin zəif tərcümə olunması o tərcümənin keyfiyyətsiz olması deyil. Lap 50 cümlə də zəif ola bilər. Bu da keyfiyyətsiz tərcümə hesab olunmur. Əgər dalbadal ən azı 10 səhifədə heç nə anlaşılmırsa ona pis tərcümə demək olar.
Ayxan sovet dövrünün tərcümələrinin yaxşı olduğunu qeyd edir. Qətiyyən elə deyil. İnternet olmayan dövrdə tərcümələr heç də indiki kimi keyfiyyətli ola bilməz. Şəxsən mən Harper Lee-nin əsərlərini ( cəmi iki əsəri var. Mən hər iki əsəri tərcümə etmişəm) internet olmadan keyfiyyətli tərcümə edə bilməzdim. O kitablarda elə çətin ifadələr var ki, onları heç bir lüğətdə tapmaq mümkün deyil. Harper Lee-nin “ To kill a mockingbird” kitabı sovet dövründə də tərcümə olunub, mən həmin tərcümə haqda tənqidi fikirlərimi yazmışam. Kim istəsə linki yollaya bilərəm.
Və onu da bildirim ki, sovet dövründə tərcüməyə yüksək qanorar verilirdi.
“ Dünya” tərcümə almanaxında mənim iki səhifəlik tərcümə hekayəm çap olunub- 1985- ci ildə. Təxminən 5 min işarəlik o tərcüməyə görə o vaxtlar 280 manat qanorar almışdım. İndi isə o qədər işarə sayında olan tərcümə üçün mən uzaqbaşı 20 manat qanorar alaram.
Ayxanın tənqid etdiyi və təriflədiyi o tərcüməçilərin hamısı sovet dövründə təhsil alanlardır. O vaxtlar heç bir ali təhsil ocağında tərcümə fakültəsi yox idi. İndi isə neçə universitetdə tərcümə fakultəsi var və bəzi universitetlərdə çox təcrübəli müəllimlər tədris edir tərcümə dərslərini. Yaxşı, bəs hanı cavan tərcüməçilərimiz? Əgər bu sənət belə asandırsa niyə ömrünü bu sənətə sərf etmək istəyən cavanlarımız yoxdur?
Hansısa tərcüməçiyə “ biabırçıdır” demək onu təhqir etmək, onu aşağılamaqdır. Konkret faktlar gətirmədən kimlərisə tərifləmək də haqsızlıqdır. Tərcümə haqda məqalə yazmaq istəyən şəxs ən azı bir ay vaxt sərf etməli, müxtəlif tərcüməçilərin tərcümə etdikləri mətnlə tanış olmalıdır. Bu vaxtacan ingilis dilindən azərbaycan dilinə ən azı 60 kitab tərcümə etmişəm və 50 kitaba yerləşə bilən hekayələr. Niyə o məqalədə mənim tərcümələrim haqda bir cümləlik də olsa fikir yoxdur? Zamiq Abdullayev demişkən, yoxsa tənqidi də mənə çox görürsünüz? Tərcümlərim haqda haqlı tənqidlər yazılsa buna yalnız sevinərdim.
Tərcüməçilik çətindir, yuxarıda da qeyd etdim. Mən, 1978-ci ildən tərcümə ilə məşğul olan insan bu gün 5 saata cəmi 3 səhifə tərcümə etmişəm. Əslində çətin kitab deyil. Sadəcə elə sözlər var ki, o sözlərin qarşılığını tapmaq çətindir. Google-da axtarışlara çox vaxt sərf edirəm. Dilimizdə qarşılığını tapa bilmədiyim sözlərin bir neçəsini yaşlı nəsli tənqid edən cavanlara ünvanlayıram. Bəlkə onlar vaxtlarını daha faydalı işə sərf edib dilimizdə yeni söz yaradalar. “ Messenger dog” – bu sözün bizim dildə qarşlığı varmı?” Poçt göyərçinləri “ ifadəsi var, “messenger dog” isə həm sənədləri, həm də lazım olanda yemək yaxud başqa əşyaları da deyilən ünvana çatdırır. Mən “ kuryer it” yazdım. Kuryer sözü bizim söz deyil. Yaxud “ steadfast” sözü “ sabit, mövqeyini dəyişməyən” mənasında işlənib. Çətinlik ondadır ki, mətndə bu söz insana aid deyil, heyvana aidir. Buyurun, cavanlar, hansı sözü işlədərdiniz? “ Sabit it? Yaxud ingilis dilində “ some shoes” ifadəsini necə tərcümə edərdiniz? “ Bir neçə ayaqqabı?” Hətta indi 10 yaşlı uşaq da “ some shoes” ifadəsindəki hər iki sözün mənasını bilir. Amma bu iki söz yanaşı işlənəndə fərqli məna kəsb edir. Yaxud “ yarmulke” sözü.Yəhudilərin başına qoyduğu papaq. Fəsə bənzər baş geyimi. Bu bir neçə sözün tərcüməsinə təxminən bir saat vaxt sərf etdim. İndi bildinizmi tərcüməçilik necə çətin bir sənətdir? İnsanın nə qədər vaxtını alır?
Ayxan Ayvaz bizdə nəşriyyat olmadığını qeyd edir, nəşriyyatların yalnız mətbəə funksiyasını yerinə yetirdiyini deyir. İnsaf da yaxşı şeydir. “ Qanun” nəşriyyatından hər ay ən azı 50- 60 nəfər maaş alır. Və bu maaşı dövlət vermir. Bu maaş kitab satışından əldə edilir.
Ayxan bir neçə tərcüməçinin adını yaxşı tərcüməçilər sırasında çəkir, onların keyfiyyətli əsər tərcümə etməsində Tərcümə mərkəzinin dəstəyi olduğunu qeyd edir. Tərcümə mərkəzi heç kimə tərcüməçilik öyrətmir. Tərcüməçilik vicdan məsələsidir. Hər bir şəxs öz xarakterini sənətinə gətirir. Həyatda yalançı olan insan tərcüməçi olarsa hansısa sözün mənasını tapmayanda yalandan söz uydurub o sözü əvəz edəcək. Tərcümə Mərkəzinin açıldığı vaxtdan neçə il keçib. Hanı bu mərkəzinin tərtib etdiyi lüğətlər? Hanı frazeoloji birləşmə lüğətləri? Varmı? Keçən il kitab sərgisində maraqlandım, rast gəlmədim. Tərcümə etdiyim hər kitabdan sonra frazeoloji birləşmələrdən ibarət 40-50 səhifəlk bir lüğət tərtib edə bilərəm, əgər dəstək duran olsa. Tərcümə mərkəzinə müraciət etsəm də müsbət cavab almamışam.
Sonda Ayxan Ayvazın yaxşı tərcüməçilər sırasında adını çəkdiyi Etimad Başkeçidin tərcümə etdiyi bir hekayə haqda fikirlərimi qeyd edəcəm. Onu deyim ki, Etimada həm bir qələm əhli, həm də tərcüməçi kimi hörmətim var. Adı”yaxşı tərcüməçilər” siyshısında olduğu üçün google-dan onun bir tərcüməsini tapıb orjinalla tutuşdurdum. Heç şübhəsiz, o rus dilindən tərcümə edib, mən isə orjinalla dillə tutuşdurdum. James Joycenin “ Evelin” hekayəsi.
1. Mətndə ilk cümlədə “ o”əvəzliyini işlədib. Bizim dildə “o” həm kişi, həm qadın, həm də orta cinsə aiddir. İngilis dilində “ she” işlənibsə nə yolla olursa olsun onun qadın olduğunu nəzərə çarpdımaq lazım idi. Bu mətndə “ Evelin” yazılmalıydı “ o” yerinə
2. Küçədə axşamın necə düşdüyünü seyr edirdi- bizim dildə yaxşı səslənmir.
3. Öz evinə tərəf gedirdi- Öz-ə ehtiyac yoxdur.
4. Kömür külü- düzgün ifadə deyil
5. Xırçıldayan addım səsləri eşidirdi- küldə yeriyəndə xırçıltı səsi eşidilmir. Adətən qarın üstündə yeriyəndə belə səs çıxır.
6. Belfastdan olan birisi- Belfastdan olan bir nəfər
7. On doqqus yaşını arxada qoymasına baxmayaraq- On doqquz yaşı tamam olmasına baxmayaraq
8. Atasından geri pul almaq- Pulu atasından geri almaq
9. Əlindəki çantaların ağırlığından- Bazarlıq torbası , yaxud zənbil
10. Qanışirin- suyuşirin
11. Bütün günü xəstə yatarkən
12. Lənətə gəlmiş italyanlar! Hər yeri doldurublar! – hər yeri tutublar, yaxud hər yerə doluşublar
13. Gəminin qara gövdəsini- Gəmiyə aid olarkən “ gövdə” sözü işlənməz
14. Ehtiraslı dualar
15. Dünyanın bütün dənizləri onun ürəyində qovuşdu- Orjinalda “ qovuşdu” sözü yox, bu sözün antonimi işlənib
16. O hasarın dəmir barmaqlığından yapışmışdı- burda hasardan söhbət getmir. Gəminin sürahisi, yaxud məhəccəri. Hasar – çəpər mənasını verir.
17. Etiraf nişanəsi- mətndə “ etiraf” sözü yoxdur
Qeyd etdyim nöqsanların çoxu redaktə səhvidir. Tərcüməçinin səhvi “ anqar” sözünü gəmiyə aid işlətməsidir. Orjinalda “Through the wide doors of the sheds she caught a glimpse of the black mass of the boat, lying in beside the quay wall”. Bu cümlədə anqar sözü işlənməyib. Tərcüməçi gəmilərin anqarda saxlanmadığını bilməliydi.
anqar : [fr.] Təyyarələrin saxlanması və cari təmiri üçün xüsusi tikili. Anqarlar istifadəsinə görə daimi, müvəqqəti və yığılıb-sökülən ola bilər.
24 may, 2020