Mən göylər qızı idim.
Mən göylər qızı idim. Səni sevib endim Yer üzünə … . Tək idim, yalqız idim, qoşa olmaq üçün gəldim Yerə … Sən isə görə bilmədin məni.
Yaz gələndə balaca bir çiçək olub – gizləndim yaşıl otların arasında. Sənə sarı boylana-boylana qaldım. Görə bilmədin məni. Otların arasında tək qalıb qurudum.
Payızda sarı xəzəl oldum. Ayaqlarının altında xışılldadım. Qəfil əsən külək uzaqlaşdırdı məni Səndən.
Qışda ağappaq qar oldum. Öpdüm ayaqlarının altını. Hiss etmədin öpüşümü. Ayaqların əzdi məni. Suya çevrilib əridim .
Yayda sərin yağış olub islatdım Səni. İsti günəş unutdurdu məni Sənə.
Hərdən göz yaşı olub gözlərinə doldum. Yanağını öpdüm. İsti öpuşüm oyatmadı Səni. Hər gecə xəyal olub ürəyinin qapısını döydüm. Açılmadı ürəyinin qapıları. Ruh oub izlədim səni. Heç arxaya da baxmadın. Göyə qalxmaq istəyirəm. Bəxtimin ulduzunu göylərdə axtarmaq istəyirəm. Yerdə yaşayanlar duya bilməz göylər qızını .
… Geyinəcəm mavi donumu. Qayıdacam göylərə.Gəzəcəm buludların üstü ilə. Küləkdən qanad alacam. Qanad açıb gəzəcəm kainatı. Axtarıb tapacam bəxtimin ulduzunu. Qoy yerdəkilər desin kimin uduzduğunu . Kimin uduzduğunu …